...

Hikmət Çətin: Türkiyə Suriya ilə əlaqələrini kəsməməli idi

Siyasət Materials 4 Aprel 2013 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Türkiyə Suriya ilə əlaqələrini başlanğıcda kəsməməli idi. Suriya bizim qonşumuzdur. Türkiyə Suriya ilə əlaqələrini kəsməsəydi, hadisələrin gedişində çox təsirli və fəal rol oynaya bilərdi. Lakin əlaqələr kəsilincə, ortaya problemlər çıxmağa başladı. Bu barədə Bakıda Trend-in suallarını cavablandıran Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin bildirib.

Onun fikrincə, Türkiyə Suriya probleminin həllində böyük rol oynaya bilərdi. Amma əlaqələrin kəsilməsi buna mane olur.

"Kaş ki, Türkiyə əvvəldən səbirli olaraq dialoqu davam etdirəydi. Digərləri onminlərlə kilometr uzaqdadır. Bu bölgə Avropa və Amerikadan uzaqdır. Suriya bizim qonşumuzdur. Türkiyənin Suriya ilə yaxınlıq, qohumluq münasibətləri, birgə sərhədləri var. Ona görə də Türkiyə sülh yolunda daha fəal rol oynaya bilərdi. Amma əlaqələr əvvəldən kəsilincə, indi vəziyyət çətinləşib", - Çətin qeyd edib.

Onun fikrincə, Suriya Prezidenti Bəşşar Əsəd ölkəsində bu qədər insanın ölümündən sonra hakimiyyətdə qala bilməz. Amma ondan sonra Suriyada vəziyyətin necə olacağını heç kim bilmir.

"Heç kimin Əsəddən sonrakı dövr üçün bir planı yoxdur. Ondan sonra kimin gələcəyini kimsə bilmir. Nə ABŞ-ın, nə də Avropa İttifaqının belə bir planı var. Əsəd getməlidir, amma müxalifət çox qarışıqdır. Müxalifətin daxilində terror təşkilatları, radikallar, hər cür qüvvələr var. Suriya özünəməxsus bir ölkədir. Suriyada müsəlmanlar, xristianlar, kürdlər, türklər, ermənilər yaşayır, orada məzhəb fərqlilikləri var, şiələr, sünnilər var. Əsəd getməlidir, lakin sabitlik yaradaraq getməlidir. Çünki o, hakimiyyətdən getdikdən sonra bu ölkədə vəziyyət çox təhlükəli ola bilər. Bu isə bütün bölgəyə, o cümlədən Türkiyəyə təsir edəcək. Yəni hazırda Suriyada yaxın gələcək üçün aydın bir şey görünmür", - sabiq nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti