...

Azərbaycan və Banqladeş siyasi məsləhətləşmələrə dair anlaşma memorandumu imzalayıblar (FOTO)

Siyasət Materials 10 İyun 2013 19:43 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan və Banqladeş siyasi məsləhətləşmələrə dair anlaşma memorandumu imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Banqladeş nümayəndə heyətinin səfərini yüksək qiymətləndirmiş və bu səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfələr verəcəyinə əminlik ifadə etmişdir. Azərbaycanla Banqladeş arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir Elmar Məmmədyarov, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirmişdir. Nazir, həmçinin iki ölkə arasında iqtisadi, enerji, turizm, humanitar, mədəni sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd etmiş və iqtisadi əməkdaşlığın genişləndirilməsinə zəmin hazırlamaq məqsədilə müqavilə-hüquq bazasının möhkəmləndirilməsini, xüsusilə ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qorunması üzrə sazişlərin hazırlanmasının zəruriliyini nəzərə çatdırmışdır.

Banqladeşin xarici işlər naziri xanım Dipu Moni ölkəmizə səfərindən məmnun olduğunu qeyd edərək, Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirmişdir. Xanım Dipu Moni hazırda iki ölkə arasında imzalanması nəzərdə tutulan 11 sənədin mətni üzərində iş getdiyini, bunlardan üçünün bu səfər çərçivəsində imzalanacağını diqqətə çatdırdı. O, həmçinin ölkəsinin Azərbaycanla miqrasiya, tikinti və gəmiqayırma sahəsində də əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu qeyd etmişdir.

Xanım Dipu Moni Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ərazi bütövlüyünü və ədalətli mövqeyini hər zaman dəstəklədiklərini bəyan etmişdir. Bu dəstəyə görə rəsmi qonağa təşəkkürünü çatdıran Elmar Məmmədyarov, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Görüşdə tərəflər, həmçinin banqladeşli tələbələrin ölkəmizin ali məktəblərində təhsil alması, ARDNŞ ilə Banqladeş Neft Şirkəti arasında əməkdaşlığın yaradılması ətrafında da fikir mübadiləsi aparılmışdır.

Görüşdən sonra nazirlər hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair anlaşma memorandumunu imzalamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti