...

Prezident İlham Əliyev: Son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır

Siyasət Materials 19 İyul 2013 00:14 (UTC +04:00)
Dünyanın ən sürətli iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır. Dünyada ən dinamik inkişaf edən ölkə Azərbaycandır. Bu, reallıqdır və bu reallığı artıq bölgə ilə məşğul olan bütün qurumlar qəbul edir. Ancaq eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu da böyük əhəmiyyətə malikdir. Trend-in məlumatına görə, bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.
Prezident İlham Əliyev: Son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Dünyanın ən sürətli iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır. Dünyada ən dinamik inkişaf edən ölkə Azərbaycandır. Bu, reallıqdır və bu reallığı artıq bölgə ilə məşğul olan bütün qurumlar qəbul edir. Ancaq eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu da böyük əhəmiyyətə malikdir. Trend-in məlumatına görə, bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

Prezident bildirib ki, Azərbaycan bu nüfuzu qazanıb və bu nüfuzun nə qədər yüksək səviyyədə olmasının göstəricisi ölkəmizin hazırda BMT Təhlükəsizlik Şurasında üzvlüyüdür: "Bu, dünya tərəfindən Azərbaycana verilən qiymətdir. Eyni zamanda, Azərbaycanda keçirilən yüksək səviyyəli, mötəbər beynəlxalq tədbirlər bizim beynəlxalq nüfuzumuzu daha da artırır. Beləliklə, hesab edirəm ki, keçən rübdə, bütövlükdə, son altı ayda bu məsələlərlə bağlı çox ciddi addımlar atılmışdır.
Eyni zamanda, xarici siyasətlə bağlı addımlarımız həmişəki kimi, uğurlu olmuşdur. Keçən rübdə hesab edirəm ki, bir neçə əlamətdar hadisə baş vermişdir. Əlbəttə ki, mənim xarici ölkələrə səfərlərim, xarici dövlət başçılarının Azərbaycana səfərləri və ikitərəfli formatda münasibətlərin inkişafı böyük əhəmiyyətə malikdir. Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığımız da böyük diqqətə layiqdir. Keçən rübdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda keçirilən tədbirlər yadda qaldı. Fələstinə yardım məqsədilə donor konfransı keçirilmişdir. Donor konfransının keçirilməsi bizim niyyətimizi, siyasətimizi göstərir. Bütövlükdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan öz fəallığını artırır və bildiyiniz kimi, İslam həmrəyliyi məsələləri həmişə diqqət mərkəzində olmuşdur".

Dövlət başçısı deyib ki, Azərbaycan hələ çox işləməlidir: "Hər bir müsəlman ölkəsi çox işləməlidir ki, biz bu birliyi gücləndirək. Dünyada gedən bəzi proseslər, qütbləşmə, ayrı-seçkilik meylləri bizi narahat edir. Azərbaycan öz tərəfindən çalışır və çalışacaqdır ki, mədəniyyətlərarası münasibətlər sağlam zəmində öz həllini tapsın və bayaq sadaladığım tədbirlər bunun əyani sübutudur. Biz çalışırıq, öz təcrübəmizi, öz nailiyyətlərimizi ortaya qoyuruq və göstəririk ki, bu mümkündür".

Keçən rübdə Avropa İttifaqına səfəri olduğunu xatırladan İlham Əliyev hesab edir ki, bu səfərin də çox böyük əhəmiyyəti vardır: "Baxmayaraq ki, bu, mənim prezident kimi Avropa Komissiyasına beşinci səfərimdir. Son on il ərzində mən beş dəfə səfər etmişəm. Yəni, bu səfərlər özlüyündə münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür. Ancaq bu səfər də çox önəmli idi. Xüsusilə nəzərə alsaq ki, son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. Deyə bilərəm ki, bu kampaniya heç səngimirdi. Son on il ərzində vaxtaşırı bu kampaniya gah canlanır, gah səngiyir. Ancaq bir trend kimi, bir istiqamət kimi daim biz bunu müşahidə edirdik. Son bir il ərzində əlbəttə, bu kampaniya çox eybəcər formalara gəlib çatıb. Təkcə onu demək kifayətdir ki, son bir il ərzində Avropa Parlamenti üç anti-Azərbaycan qətnamə qəbul etmişdir. Düzdür, bu qətnamələrin qəbul edilməsində eyni adamlar iştirak edir və Avropa Parlamenti 750 deputatdan ibarətdir. Bu qətnamələrin qəbulunda təqribən 20, 30, 40 nəfər iştirak edir. Əlbəttə ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir. Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək bax bu qətnamələrin qəbul edilməsinə nail olurlar. Əslində bu barədə heç danışmağa da dəyməz, çünki Azərbaycanda bu kimi qətnamələrə heç kim fikir vermir və onlar bizim işimizə təsir edə bilməz. Ancaq bir tendensiya kimi biz bunu əlbəttə ki, qeyd etməliyik".

Dövlət başçısı bildirib ki, Prezident Administrasiyası, Milli Məclis onlara tutarlı cavab verib: "Mən bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq onu demək istəyirəm ki, son bir il ərzində anti-Azərbaycan qüvvələri, Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən və ermənipərəst qüvvələr Azərbaycana qarşı fəaliyyətini gücləndirmişdir. Bu da yəqin ki, təbiidir. Çünki ölkəmizin uğurlu inkişafı, xüsusilə böhranlı illərdə inkişafı, ölkəmizin müstəqil siyasəti və hər bir beynəlxalq məsələ ilə bağlı bizim konkret mövqeyimiz heç də hamını qane edə bilməz. Eyni zamanda, Azərbaycanın daxilində hökm sürən sabitlik, xoş əhval-ruhiyyə, xoş ovqat əlbəttə, bu gün böhran içində yaşayanları yəqin ki, sevindirmir. Ona görə mənim Avropa İttifaqına budəfəki səfərimin xüsusi əhəmiyyəti var idi. Nəzərə alsaq ki, Avropa Şurasında da anti-Azərbaycan qüvvələr vardır. Düzdür, onlar azlıq təşkil edirlər. Son illər ərzində Azərbaycanın fəal işləri və beynəlxalq nüfuzunun artması əlbəttə ki, bir çox beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı dolğun məlumatın formalaşmasına gətirib çıxarmışdır. Ancaq yenə də qərəzli insanlar, Azərbaycanın uğurlarını qəbul edə bilməyən deputatlar var ki, onlar mütəmadi qaydada Azərbaycana hücum etməyə cəhd göstərirlər".

Prezident vurğulayıb ki, Avropa Şurasında sonuncu cəhd bu ilin yanvarında baş vermişdir: "Qondarma siyasi məhbuslar üzrə məruzənin müzakirəsində Avropa Şurası Parlament Assambleyasının üzvlərinin mütləq əksəriyyəti bu çirkin təşəbbüsə yox demiş, bu çirkin məruzəni rədd etmişdir. Avropa Şurası Parlament Assambleyasının deputatları həqiqəti, haqq-ədaləti müdafiə etdilər, ikili standartlara qarşı öz səslərini ucaltdılar. Çünki bu qondarma məruzənin ortaya çıxması sırf ikili standartlar prinsipinin əlaməti idi. Biz görürük ki, bəzi ölkələrdə islamofobiya meylləri həddindən artıq güclənib. Əfsuslar olsun ki, bu meyllər yüksələn xətlə gedir, mənfi istiqamətdə cərəyan edir. Mən müxtəlif görüşlərdə bu məsələləri daim qaldırıram. Çünki bu, bizi narahat edir.
Biz Avropa qurumları ilə uzun illərdir ki, əməkdaşlıq edirik. On ildən çoxdur ki, Avropa Şurasına üzv olmuşuq. Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edirik. Ancaq bu meyllər vardır. Yəni, gələcəkdə bu əməkdaşlığın hansı formalarla davam etməsi bu gün müəyyən edilməlidir.
Biz görürük ki, ümumi mənzərə əlbəttə, müsbətdir və dediyim hallar fərdi xarakter daşıyır. Ancaq tendensiyalar var və biz bunu görməliyik, bu barədə danışmalıyıq. Ona görə mənim Avropa İttifaqına budəfəki səfərim xüsusi əhəmiyyət daşıyırdı. Biz bir çox məsələləri aydınlaşdırmalı idik. Biz aydınlaşdırmalı idik ki, gələcəkdə necə əməkdaşlıq edəcəyik? Əməkdaşlığın formatı nədən ibarət olacaqdır? Azərbaycanın maraqları necə təmin ediləcəkdir? Hesab edirəm ki, Avropa İttifaqına səfərim və Avropa İttifaqının rəhbərləri ilə apardığım səmimi görüşlər çox müsbət idi. Mən bu səfərdən çox razıyam. Bir çox məsələ aydınlaşdı və hesab edirəm ki, gələcək əməkdaşlıq üçün daha da gözəl zəmin yaradıldı".

İlham Əliyev qeyd edib ki, hər bir ölkə əgər hansısa quruma inteqrasiya edirsə, o bilməlidir ki, nə üçün inteqrasiya edir. Kortəbii şəkildə inteqrasiya etmək mümkün deyildir: "Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. İstənilən cəhətdən. Siyasi cəhətdən tam müstəqildir, müstəqil xarici siyasət aparır. İqtisadi cəhətdən tam müstəqildir. Enerji resursları baxımından zəngindir. Yəni, bizim gələcək illərdə inteqrasiya addımlarımız ölçülüb-biçilməlidir. Nə üçün biz bunu edirik? Hansı məqsədlər üçün biz bunu edirik? Biz bunsuz da yaşaya bilərik və yaşayırıq da. Biz öz hesabımıza yaşayırıq. Ona görə də Avropa İttifaqı ilə apardığım danışıqlar bir daha demək istəyirəm ki, müsbət nəticələrlə tamamlandı və növbəti illər üçün hesab edirəm ki, hər iki tərəfdə gələcək əməkdaşlıqla bağlı çox ciddi baxışlar vardır. Hesab edirəm ki, növbəti illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr inkişaf edəcək və bu əlaqələr strateji xarakter alacaqdır. Hər halda bizim istəyimiz bundan ibarətdir. Ancaq yenə də demək istəyirəm ki, bu əlaqələr qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti