Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
Azərbaycan çərşənbə günü Rusiya Federasiyasının (RF)Xarici İşlər Nazirliyinə (XİN) Moskvanın Biryulevo rayonunda törədilən qətldə şübhəli bilinən Orxan Zeynalova konsulluq dəstəyinin göstərilməsi tələbi ilə nota göndərib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın Moskvadakı səfirliyindən RİA Novosti-yə bildiriblər.
Məlumatda deyilir: "Biz artıq notanı dünən göndərmişik".
Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.