Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Rusiyada Orxan Zeynalovun həbsi ətrafında yüksələn ajiotajın məğzi aydın deyil. Bu barədə Trend-ə millət vəkili, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələri kifayət qədər möhkəmdir: "Baş verən hadisə adi bir məişət cinayətidir. Belə hadisələr Rusiyada, konkret olaraq Moskvada hər gün çox sayda baş verir. Ancaq adi bir hadisənin ətrafında böyük bir ticarət mərkəzinin dağıdılması, miqrantlara, xüsusən də azərbaycanlı əmək miqrantlarına qarşı hücumun başlanmasının məqsədi aydın olmur".
O, hesab edir ki, bu, təsadüfi deyil, bunun arxasında Rusiyanın Azərbaycan-Rusiya münasibətlərini pisləşdirməyə çalışan müəyyən siyasi dairələri durur: "Hansı ki, Azərbaycan onlar üçün düşmən rolunu oynayır, Azərbaycanda keçirilən demokratik seçkilər onların maraqlarına cavab vermir, indiki halda onlar Azərbaycanı bu yolla yerində otuzdurmağa çalışırlar. Ancaq məsələnin çox kobud ssenarisi özünü göstərir".
Millət vəkilinin sözlərinə görə, Rusiya tarixində ilk dəfə olaraq adi bir cinayətkarın əli qandallı şəkildə daxili işlər nazirinin kabinetinə gətirilməsi və bunun bütün ölkəyə göstərilməsi prosesi baş verdi: "Sanki böyük bir narkokartelin rəhbəri tutulub, sanki Rusiyanı uzun müddət lərzəyə salan böyük bir cinayətkar dəstə darmadağın edilib. Hesab edirəm ki, bu cür ucuz tamaşalar nə Rusiyanın, nə də Azərbaycanın mənafeyinə uyğun gəlir".
A.Mirzəzadənin sözlərinə görə, məsələni sakit şəkildə həll etmək əvəzinə, Rusiyanın hüquq sistemi bu məsələdə çox təəssüf ki, özünün tamam başqa bir sifətini göstərdi: "Orxan Zeynalov tutulan zaman ona lazım olduğundan artıq fiziki güc tətbiq edildi, o, kameralar qarşısında döyüldü, vəkillə təmin edilmədi və məhkəmənin qərarı olmadan cinayətkar adlandırılmağa başlandı. Ən əsası isə bu prosesdən sonra Rusiyada yaşayan azərbaycanlılara, əmək miqrantlarına hücum başlandı. Şübhəsiz ki, bu, təşkil olunmuş bir məsələdir. Sadəcə olaraq, hansısa bir azərbaycanlının cinayət törətməsi lazım idi ki, əvvəlcədən hazırlanmış qüvvələr işə düşsün".
Millət vəkili qeyd edib ki, Rusiyada ola bilsin ki, kimlərsə iki dövlət arasında münasibətlərin pisləşməsini istəyir, ancaq bu, Azərbaycanın marağında deyil, Azərbaycan heç bir halda buna doğru getməyəcək: "Ümid edirəm ki, bu gün Rusiyada kimlərinsə təhriki ilə baş qaldıran anti-Azərbaycan əhval-ruhiyyəsi qısa zamanda dayandırılacaq".
Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.
Hadisə baş verən gündən sonra Moskvada Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin Orxan Zeynalovun tutulması zamanı, ona qarşı işgəncə faktları yer alan görüntülər yayılıb.