Azərbaycan, Bakı, 18 oktyabr / Trend, müxbir M.Əliyev/
Rusiya Azərbaycanla münasibətlərinə xüsusi qiymət verir. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, hazırda Orxan Zeynalovun məsələsi tam hüquq normaları çərçivəsindədir: "Biz məhkəmənin çıxardığı qərardan asılı olmayaraq bütün hər şeyi edəcəyik ki, bu epizod iki ölkə arasındakı münasibətlərə, Rusiyada işləyən və bizim ölkəmiz üçün xeyli vacib işlər görən azərbaycanlılara olan isti münasibətə təsir etməsin. Biz məhkəmənin hökmünü gözləyirik və əminik ki, məhkəmə ədalətli qərar qəbul edəcək".
Səfir bildirib ki, insanların emosiyaları başa düşüləndir: "Lakin mən bir daha bəyan edirəm ki, Rusiyanın bu məsələyə diqqətinə cinayət törədən şəxsin milliyyəti deyil, onun rezonans doğurması səbəb olub. Ola bilər ki, Rusiya mətbuatında hüquqi baxımdan düzgün olmayan məlumatlar yer alıb, lakin mən sizi əmin etmək istəyirəm ki, Rusiyada heç bir antiazərbaycan kampaniyasından söhbət belə gedə bilməz".
Orxan Zeynalovla bağlı səfir deyib ki, saxlanılan şəxsin vəkillərinin polisin davranışından şikayət etməyə tam hüquqları var: "Əgər vəkillər hesab edirlər ki, polisin hərəkətlərində xeyli səhv var, əminəm ki, bütün bunlar diqqətlə araşdırılacaq və ehtiyac olarsa, bütün zəruri tədbirlər görüləcək".
V.Doroxin vurğulayıb ki, hazırda emosiyalardan uzaq olmaq lazımdır: "Məsələ hüquq müstəvisində həll olunur və biz əlimizdən gələn hər şeyi etməliyik ki, nə Azərbaycanda, nə Rusiyada milli zəmində tendensiyalara yol verilməsin. Biz birgə səylərimizlə bu epizodu aşmalıyıq və iki ölkə arasındakı dostluq və qarşılıqlı anlaşma şəklində olan əməkdaşlığımızı davam etdirməliyik" .
Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.
Hadisə baş verən gündən sonra Moskvada Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.