Azərbaycan, Bakı, 18 oktyabr / Trend, müxbir M.Əliyev/
Beynəlxalq Diaspor Mərkəzi (BDM) İctimai Birliyi cümə günü Bakıda Rusiya səfirliyi qarşısında bəyanatla çıxış edib.
Trend-in məlumatına görə, BDM sədri İsmayıl Ağayev bəyanatla çıxış edərək bildirib ki, son günlərdə Rusiyada ağır cinayət törətməkdə təqsirli bilinən soydaşımız Orxan Zeynalov həbs olunarkən hakimiyyət qüvvələrinin insan haqları ilə bir araya sığmayan davranışlarının şahidi olduq: "Rusiya kimi insan haqlarından yaxşı xəbərdar olan ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşlarının şiddətə baş vurmaları bizi dərindən yaralamışdır. Halbuki milliyyətindən, irqindən asılı olmayaraq cinayət törətmiş hər hansı bir vətəndaşın cəzasını məhkəmə verməlidir".
BDM bəyanatında vurğulayıb ki, Rusiyada yaşayan soydaşlarımıza qarşı baş vermiş zorakılıqlara dərhal son qoyulmalıdır: "Biz dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı öz milli kimliklərinə hörmət etməyə, yaşadıqları ölkənin qanunlarına tabe olmağa və təxribatlara uymamağa çağırırıq".
Aksiya zamanı İctimai Birliyin nümayəndələri "Rusiya-Azərbaycan münasibətləri qorunmalıdır", "Rusiya! Humanist dövlət olduğunu unutma!", "Azərbaycanlılar Rusiyanı öz ikinci vətəni hesab edirlər" şuarları səsləndiriblər.