...

Azərbaycan Prezidenti üçün əsas prioritet məsələ ərazi bütövlüyümüzün bərpasıdır

Siyasət Materials 21 Oktyabr 2013 09:53 (UTC +04:00)
Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı Azərbaycan dövlətinin qarşıdakı beş il ərzində nəzərdə tutulan strateji hədəflərini bəyan etdi.
Azərbaycan Prezidenti üçün əsas prioritet məsələ ərazi bütövlüyümüzün bərpasıdır

Arzu Nağıyev - Trend-in icmalçısı

Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı Azərbaycan dövlətinin qarşıdakı beş il ərzində nəzərdə tutulan strateji hədəflərini bəyan etdi. Bu hədəflərə çatmaq üçün əsas prioritet vəzifə kimi regionda sülhə nail olmaq və stabillik yaratmaq məsələsi ön plana çəkildi. Buna nail olmaq məqsədilə söz yox ki, son on il ərzində böyük işlər görülmüşdür. Prezident öz çıxışında bunu bir daha vurğuladı: "Təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi. Ona görə son on il ərzində bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da gücləndirmişdir və beləliklə, Azərbaycanın inamlı inkişaf dinamikası saxlanılmışdır".

Məlumdur ki, regionun, eləcə də dövlətimizin ən böyük problemi məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir. Buna görə də Prezident İlham Əliyevin çıxışında əsas prioritet istiqamətlərdən biri də Dağlıq Qarabağ problemi oldu. Prezident bununla bağlı bildirdi: "Xarici siyasətimizin prioriteti təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Əfsuslar olsun ki, bu illər ərzində münaqişə həllini tapmamışdır. Bunun başlıca səbəbi Ermənistanın riyakar siyasətidir, qeyri-konstruktiv mövqeyidir və əfsuslar olsun ki, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyidir".

Prezidentin qeyd etdiyi kimi, eyni zamanda bütün dünyaya məlumdur ki, beynəlxalq hüquq normaları 20 ildən artıqdır ki, kobudcasına pozulur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir, işğalçı ölkəyə təzyiq göstərilmir. Məhz buna görə də dövlətimiz tərəfindən birtərəfli qaydada aparılan diplomatik səylər tam uğur gətirə bilmir. Bütün dünyaya gün kimi aydındır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına nə imkan, nə də icazə verməyəcəkdir. O da məlumdur ki, Azərbaycan dövlətinin mövqeyi tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir. Prezidentin də vurğuladığı kimi son 10 ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar tərəfindən qətnamələr qəbul edilmişdir. Bu istiqamətdə səylərin davam etdirilməsi vacib məsələdir. Bütün bunlara nail olmaq üçün isə Prezident tərəfindən siyasi və iqtisadi tərəfdən daha da böyük təzyiq göstəriləcək, bu məsələ ilə bağlı diplomatiya da hücum taktikası seçiləcəkdir. Prezidentin fikrincə, növbəti illərdə ordu quruculuğu istiqamətində daha da böyük addımlar atılacaq, ordumuz daha da gücləndiriləcək. Məlumdur ki, güclü ordu, diplomatik səylər və böyük dövlətlərin bu məsələyə münasibəti problemin həllinə gətirib çıxara bilər. Seçilmiş belə bir ağıllı taktika nəticəsində və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Prezidentin vurğuladığı kimi, "daha da güclü orduya malik olmaq üçün əlbəttə ki, Azərbaycanda bundan sonra da iqtisadi islahatlar davam etdiriləcəkdir".

Dövlət başçısı qaçqın düşmüş həmvətənlərimiz, hüquqları pozulmuş vətəndaşlarımızın əzəli tarixi torpaqlara qayıdacağı, ərazi bütövlüyünün təmin olunacağı ilə bağlı Ermənistan rəhbərlərinə də ciddi mesajlar verdi və qeyd etdi ki, Ermənistan xalqının düşdüyü ağır durumdan yeganə çıxış yolu ondan ibarətdir ki, Dağlıq Qarabağ məsələsinin həllində konstruktiv mövqe tutulmalıdır, lakin Ermənistan təcavüzkar siyasətini davam etdirərsə, ona qarşı bütün mənalarda beynəlxalq aləmdən təcridetmə siyasəti davam etdiriləcək, Ermənistanın iqtisadi çökməsinə xidmət edən addımlar günbəgün artırılacaqdır. Bir sözlə, İlham Əliyev strateji hədəf olaraq ərazi bütövlüyümüzü və tarixi ədalətin bərpasını ön plana çəkdi. Eyni zamanda, dövlət başçısı münaqişənin həlli mexanizmini də açıqladı: "Münaqişənin tam şəkildə həll edilməsi əminəm ki, olacaqdır və ilk növbədə, əlbəttə, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar. Şuşada, Xankəndində Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır. Mən qeyd etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdır ki, biz tarixi ədaləti bərpa edək".

Prezident İlham Əliyevin çıxışında göstərdiyi bu məqamlar hər bir Azərbaycan vətəndaşının hər gün arzuladığı və tezliklə nail olmaq istədiyi bir məqsəd və amaldır. Bu məqsədə çatmaq və qələbə sevincini yaşamaq üçün isə hər bir ölkə vətəndaşı öz prinsipial mövqeyini ortaya qoymalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti