Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Slutski ümid edir ki, Biryulevodakı hadisələr Rusiya-Azərbaycan münasibətlərinə təsir etməyəcək və Moskva sakininin öldürülməsində şübhəli bilinən Orxan Zeynalovun Azərbaycan əsilli olmasının tez-tez xatırlanması bir növ informasiya təxribatıdır. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
L.Slutski bildirib: "Bu cür təxribatlar vasitəsilə ölkələr və xalqlar arasında münasibətləri pozmaq cəhdləri uğursuzluğa məhkumdur. Bu cür hadisələr göstərir ki, dövlətlərarası münasibətlər, xalqlar, o cümlədən Rusiya və Azərbaycanda yaşayanlar arasında münasibətlər o qədər möhkəmdir ki, bu cür hadisələr bizim münasibətlərimizə zərər vura bilməz".
O vurğulayıb ki, bu gün Rusiya-Azərbaycan münasibətləri heç vaxt olmadığı kimi sabitdir, bütün istiqamətlər üzrə inkişaf edir və möhkəmlənir.
Komitə sədri qeyd edib ki, Moskva və digər şəhərlərdə və ölkənin bir çox ərazilərində xeyli sayda azərbaycanlı yaşayır. Onların arasında bir çox hörmətli insanlar - həkimlər, alimlər və müəllimlər var:
"Mən dediyimə tamamilə əminəm: oktyabrın 9-da keçirilmiş seçkilərdə İlham Əliyevin inamlı qələbəsindən sonra Azərbaycan öz müasir tarixinin ən parlaq səhifəsini yaşayır və bu səhifədə başlıqlardan biri Azərbaycan və Rusiya arasında dəyişməz konstruktiv və səmərəli münasibətlərə həsr ediləcək".