...

Prezident İlham Əliyev: Milli musiqinin inkişafında xidmətləri olan şəxslər Azərbaycanın milli sərvətidir (FOTO)

Siyasət Materials 13 Fevral 2014 14:20 (UTC +04:00)
Fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Prezident İlham Əliyev: Milli musiqinin inkişafında xidmətləri olan şəxslər Azərbaycanın milli sərvətidir (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmanla yaranan Azərbaycan Milli Konservatoriyası müstəqillik dövründə fəaliyyətə başlayan ilk ali məktəblərdən biridir. Milli Konservatoriya milli mədəniyyətin öyrənilməsi, tədrisi və ixtisaslaşması kimi məsələlərin ölkəmizin ictimai-mədəni həyatında aktuallıq kəsb etdiyi bir vatxda meydana gəldi. Elə həmin dövrdə muğam, milli alət ifaçılığı üzrə ali təhsilli kadrlara, muğamların nəzəri tədqiqinə və tətbiqinə yeni yanaşma zərurətinin ortaya çıxması Milli Konservatoriya ideyası ilə vəhdət təşkil etdi. Ulu Öndərin 2001-ci il 10 avqust tarixli "Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında" Sərəncamı ilə Bakı Musiqi Kolleci və respublika İncəsənət Gimnaziyası Milli Konservatoriyanın tərkibinə daxil edildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin təhsilin və mədəniyyətin inkişafına göstərdiyi qayğı yeni tarixi dövrdə xalqımıza daha bir təhsil ocağını - Milli Konservatoriyanı bəxş etdi.
Sonrakı dövrdə Milli Konseravatoriyanın fəaliyyəti dövlətimizin başçısı İlham Əliyevin diqqətindən kənarda qalmadı. 2006-cı ildən Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin tikintisinə başlandı. 2012-ci ildə Prezident İlham Əliyev bu təhsil ocağının inşası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı və müvafiq maliyyə vəsaiti ayrıldı. Bütün bunlar da ondan irəli gəldi ki, dövlətimizin başçısı ölkədə mədəniyyətin inkişafına xüsusi diqqətlə yanaşır, son illərdə bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlər mühüm uğurlarla müşayiət olunur. Bütün ölkə miqyasında mədəniyyət ocaqları yenidən qurulur, qədim tarixi abidələrimizə yeni həyat verilir, mədəniyyət xadimlərinin, bu sahədə çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu işlərə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da öz layihələri ilə dəstək verir. Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği, milli muğam sənətinin yaşadılması ilə bağlı görülən işlər indi ölkəmizin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır.

Dövlətimizin başçısına məlumat verən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kərimi bildirdi ki, binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı həyata keçirdikləri işləri əks etdirən muzey yaradılmışdır. Muzeydə həm Ulu Öndərin, həm də dövlətimizin başçısının müxtəlif mədəniyyət tədbirlərində iştirakından və incəsənət xadimləri ilə görüşlərindən çəkilmiş fotoşəkillərə geniş yer verilmişdir.

Milli Konservatoriyanın kitabxanası da zəruri ədəbiyyatla təchiz olunaraq tələbələrin istifadəsinə verilmişdir. Lazımi avadanlıqla təmin edilən sinif otaqlarında tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır. Tələbələrin ixtiyarında olacaq idman zalında da müxtəlif yarışların keçirilməsi üçün hər cür imkan vardır.

Azərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan verir. Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılar, peşəkar dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində bir çox alimlərdən ibarətdir. Milli Konservatoriyada təhsil və elmin əlaqələndirilməsi məqsədilə "Milli musiqinin tətbiqi" və "Milli musiqi alətlərinin araşdırılması" elmi laboratoriyaları yaradılmışdır. Bu laboratoriyalarda qədim xalq çalğı alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların ifaçılıq və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir. Elmi-praktik fəaliyyətin çox ciddi istiqamətlərindən biri xalq musiqisi nümunələrinin toplanılması, sənədləşdirilməsi, nota yazılması və tədrisdə istifadə edilməsidir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşdülər.

Dövlətimizin başçısı Azərbaycan Milli Konservatoriyasının yeni binasının açılışı münasibətilə təbriklərini çatdırdı.

Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı bir çox mühüm tədbirlərin həyata keçirildiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərir. Bununla bağlı həyata keçirilən layihələr bu prosesə öz töhfəsini verir.
Bu sırada muğam sənətinin yaşadılıması və gələcək nəsillərə ötürülməsi ilə əlaqədar görülən işləri təqdir edən dövlətimizin başçısı gənc istedadların üzə çıxarılması ilə bağlı muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev bir daha gənclərdə Vətənə və milli mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi istiqamətində yaşlı nəslin üzərinə müəyyən vəzifələrin düşdüyünü diqqətə çatdıraraq vurğuladı ki, milli musiqinin inkişafında xidmətləri olan şəxslər Azərbaycanın milli sərvətidir.

Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya milli mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq etdilər.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva mədəniyyət xadimlərinə qayğının hər zaman diqqət mərkəzində saxlandığını, mədəniyyətin, xüsusilə də milli musiqinin inkişafının prioritet olduğunu vurğuladı.

Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi son illərdə bu təhsil ocağında həyata keçirilən layihələrdən danışdı, milli musiqiyə, muğama marağın artdığını bildirdi.
Tədbirin sonunda Prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olundu.

Mərasimdə gənc musiqiçilərin ifasında muğam səsləndi.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyevə Milli Konservatoriyanın maketi təqdim olundu, gələcəkdə burada görüləcək işlər barədə məlumat verildi.

Dövlətimizin başçısı yeməkxanada yaradılan şəraitlə də tanış oldu. Qeyd edildi ki, binanın daxilində yüksək zövqlə tərtib olunan üzgüçülük hovuzu da qurulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti