...

1988-ci il Sumqayıt hadisələrinin erməni təxribatı olduğunu ifşa edən kitabın təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 27 Fevral 2014 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

"Azərbaycana qarşı Sumqayıt təxribatı - "Qriqoriyan işi" kitabının təqdimatı keçirilib. Trend xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Sumqayıt hadisələrinin 26-cı ildönümünə həsr edilən "Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət" mövzusundakı "dəyirmi masa"da "Azərbaycana qarşı Sumqayıt təxrinatı - "Qriqoriyan işi" kitabının da təqdimatı keçirilib.

Kitab Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarına əsasən ərsəyə gəlib. Kitabın elmi redaktoru akademik Ramiz Mehdiyev, müəllifi jurnalist, Azərbaycan Dövlət Televiziyasının sədr müavini İbrahim Məmmədovdur.

Qeyd edilib ki, kitab 335 səhifədən, 4 fəsildən ibarətdir və Azərbaycan xalqının yaxın tarixində qaranlıq mərhələ təşkil edən Sumqayıt hadisələri haqqında jurnalist təhqiqatının məhsuludur. Müəllif kitabda ciddi araşdırmalar apararaq ciddi faktlar və sənədlər əsasında sübüt edir ki, 26-sı erməni və 6-sı azərbaycanlı olmaqla, 32 nəfərin ölümünə səbəb olan bu hadisələr erməni fitnəkarlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycana qarşı çox qəddarlıqla düşünülmüş təxribatı, ermənilərin tarixən qonşu xalqlara, birinci növbədə Qafqazın türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri təcavüzkarlıq siyasətinin mühüm halqalarındən biridir.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov qeyd edib ki, kitab Sumqayıt hadisələrinin əsl mahiyyətinin, onların əsl təşkilatçılarının kimlərin olduğunun dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilər.

Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov bildirib ki, kitab 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində baş verən hadisələrin gedişinin sistemli şəkildə öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Kitabın müəllifi İbrahim Məmmədov qeyd edib ki, bütün fakt və sənədlərlə sübut edilib ki, Sumqayıt hadisələri zamanı 6 erməninin qətlində iştirak etmiş Eduard Qriqoryanın özü də ermənidir. Bunu hətta Qriqoryanın özü də etiraf edib.

Onun sözlərinə görə, araşdırmalar zamanı müəyyən edilib ki, ermənilər və SSRİ xüsusi xidmət orqanları bu hadisələrə əvvəlcədən hazırlıq görüblər. Əldə edilmiş faktlar sübut edir ki, Sumqayıt hadisələri Azərbaycana və Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış təxribatdır.

Kitab artıq rus dilinə tərcümə olunub və yaxın həftələrdə işıq üzü görəcək. Daha sonra kitab ingilis dilinə də tərcümə edilərək çap olunacaq.

Müəllifin sözlərinə görə, kitabın ərsəyə gəlməsində bir neçə dövlət qurumu və hüquq-mühafizə orqanları səfərbər olunub.

Tədbirdə kitabda yer almış materiallar əsasında çəkilmiş sənədli filmdən bəzi epizodlar da nümayiş etdirilib. Film tam formada Azərbaycan Dövlət Televiziyasında nümayiş olunacaq.

"Dəyirmi masa"da çıxış edən millət vəkilləri və tədqiqatçılar da bildiriblər ki, kitab dünyada "erməni mifi"nin dağıdılmasında əhəmiyyətli rol oynayacaq. Milli Məclisin üzvləri isə kitabı xarici ölkələrin parlamentlərinin nümayəndələrinə, eləcə də beynəlxalq təşkilatlara təqdim edəcəklərini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti