Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/
MTN arxivlərində saxlanılan "Nalyotçik" adı altında məxfi işdən müəyyən edilib ki, Sumqayıt hadisələri ərəfəsində yerli Dövlət Təhlükəsizlik Komitəsi (DTK) şöbəsinin nəzarətində 47 nəfər ekstremist-millətçi erməni əsilli şəxs var və həmin şəxslərdən biri də hadisələr zamanı zərəkçəkən siyahısında olmayıb. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə hazırlanmış "Sumqayıt 1988: Cinayət və cəza" kitabının təqdimat mərasimində bildirib.
R.Usubovun sözlərinə görə, bu faktlar bir daha təsdiq edir ki, "Krunk" cəmiyyəti ilə əlaqə saxlayan erməni millətçiləri sağ-salamat qalıblar.
Baş prokurorun birinci müavini qeyd edib ki, Sumqayıtda "Krunk" təşkilatının emissarlardan biri o vaxt Qarabağdan Sumqayıta hərbi komissar kimi dəyişdirilib göndərilmiş Kalantarov soyadlı erməni polkovnik olub. O, buradakı ermənilərin hamısının sıyahısını və ünvanlarını bilib və hadisələr ərəfəsində iş yerini dəyişmək adı ilə aradan çıxıb. Musiqiçilər və qumar oynayanlar əldə edilmiş gəlirlərindən "Krunk" cəmiyyətinə pul ötürürdülər.
Aşkar edilib ki, yaşayış binasının bir girişinin 1, 2, 3 və 4-cü mərtəbələrində erməni milliyətindən olan sakin var idisə, cinayətkarlar 1, 2-ci yox, 3-cü mərtəbədə yaşayan erməninin evinə girərək hadisə törədiblər. Bəzi mənzilləri ermənlər boşaldıb sonradan özləri yanğın törədib və kompensasiya istəyiblər. Bu məsələ də tam sübut edir ki, ermənlər məqsədəyönlü hərəkət edirdilər.
R.Usubov bildirib ki, aparılmış hazırkı istintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən "Krunk" cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir.
Onun sözlərinə görə, eyni zamanda həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə görüşüb gizli söhbətlər aparmaları istintaqda müəyyən edilib: "Ermənilər Sumqayıt hadisələri zamanı azərbaycanlıların "vəhşi" obrazını yaratmaq üçün əllərindən gələni edirlər".
Baş prokurorun müavini qeyd edib ki, iş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş 6 nəfər erməninin qətlə yetirən, əvvələr 1979, 1981, 1982-ci illərdə 3 dəfə mühakimə olunub, üst-üstdə 9 il 2 ay həbsxanalarda yatmış qatı cani, milliyətcə erməni olan Qriqoryan Eduard Robertoviç isə təsadüfən onun tərəfindən cinsi zorakılığa məruz qalmış zərərçəkmiş erməni qızlar - Marina və Karina Mejlumyanlar və onların anası Roza Mejlumyan tərəfindən tanındığından onu məsuliyyətdən kənarda saxlamaq havadarlarına nəsib olmayıb:
"Bunu ona əsaslanıb deyirəm ki, hazırda aparılan istintaqla və əldə edilmiş arxiv materiallarına əsasən Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları çox çalışıblar. Təsadüfi deyildir ki, Eduard Qriqoryan uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən az sonra hansısa xidmətlərinə görə cəzasını çəkmək üçün Ermənistana göndərilib və orada azadlığa buraxılıb. Bu gün də ermənilər Sumqayıtda kütləvi iğtişaşların fəal iştirakçısı olmuş Eduard Qriqoryanın hadisələrdə iştirakının olmaması, erməni olduğuna görə onun barəsində saxta sübutlar toplanması, bəzi hallarda isə onun ümumiyyətlə erməni olmadığı, anasının azərbaycanlı olması və pasportunda milliyyətinin azərbaycanlı göstərilməsi kimi şayiələr yaymaqla məşğuldurlar".
R.Usubovun sözlərinə görə, Ermənilərin nə deməsindən asılı olmayaraq, Eduard Qriqoryanın Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşların fəal iştirakçısı olması ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilmiş və onun barəsində qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin 22 dekabr 1989-cu il tarixli hökmü vardır. Həmin cinayət işinin istintaq materiallarına əlavə edilmiş Eduard Qriqoryanın pasportunda, pasport almasına dair 1 N°-li formada, hərbi xidmət sənədlərində onun milliyyətinin erməni yazılması müəyyən edilib. Hazırda E.Qriqoryanın olduğu yerin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir".
Qeyd edək ki, istintaq materiallarına əsaəsən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Ona görə də həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir.