...

XİN: Sumqayıtda 1988-ci ilin fevralında baş verən hadisələrin sifarişçiləri və təşkilatçıları ifşa edilməlidir

Siyasət Materials 28 Fevral 2014 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Sumqayıtda 1988-ci ilin fevralında baş verən hadisələrin arxasında duranlar, onların sifarişçiləri və təşkilatçıları ifşa edilməlidir. Xarici İşlər Nazirliyi də bu işdə lazım olan dəstəyi verməkdə davam edəcək. Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə hazırlanmış "Sumqayıt 1988: Cinayət və cəza" kitabının təqdimat mərasimində bildirib.

E.Abdullayev təmsil olunduğu qurumun, o cümlədən Azərbaycanın xarici diplomatik korpuslarının Sumqayıt hadisələrinin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində həyata keçirdikləri işlərdən ətraflı danışıb. O, bildirib ki, Sumqayıtda törədilmiş cinayətlər, Xocalı soyqırımı və digər erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması, bütün bunlara dünya birliyinin ədalətli mövqeyinə nail olunması nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu kitabın nəşri isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq aləmə çatdırmaq siyasətinin tərkib hissəsidir.

E.Abdullayev qeyd edib ki, Sumqayıt hadisələrinin arxasında duran dairələrin məqsədi Azərbaycana ləkə yaxmaq idi: "Azərbaycan xalqına qarşı həmlələr təkcə Sumqayıt hadisələri, Xocalı soyqırımından ibarət deyil. Onların 20-ci əsr boyu Azərbaycana qarşı silsilə şəkildə həyata keçirilməli olan planları var idi. Lakin ulu öndər Heydər Əliyev onların bu planlarını pozdu və qarşısını aldı. Hazırda isə Azərbaycan güclü dövlətə çevrilib. Bu gün Azərbaycan etibarlı əllərdədir. Azərbaycan Prezidenti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında uğurlu olmaqla yanaşı, Azərbaycanı modelə, onu regionda önəmli dövlətə, liderə çevirib".

Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətinin, xaricdəki diasporunun dövlətin ətrafında sıx birləşməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işini sürətləndirib. Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində böyük işlər görülür. Sumqayıt həqiqətlərinin də dünyaya çatdırılması işi davam etdiriləcək.

Qeyd edək ki, istintaq materiallarına əsasən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Ona görə də həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti