Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sel daşqınlarının baş verdiyi Serbiyaya yardım göndərib.
Trend xəbər verir ki, bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Serbiyaya humanitar yardım dolu təyyarə yola salınıb.
FHN-in Maddi-texniki təchizat idarəsinin rəisi Amal Teymurov jurnalistlərə açıqlamasında bildirib ki, yardım Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında yola salınır.
Humanitar yardım dolu təyyarə bu gün axşam saatlarında Belqrada çatacaq və FHN-in, eləcə də Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə Serbiyanın müvafiq qurumlarına təhvil veriləcək.
A.Teymurovun sözlərinə görə, bu gün axşam Bosniya və Herseqovinaya da yardım yüklənmiş təyyarə yola salınacaq: "Humanitar yardıma 12 ədəd müxtəlif həcmli motorlu qayıqlar, 260 ədəd müxtəlif ölçülü çadırlar, 300 ədəd səhra yataq dəsti, 1500 ədəd ədyal, 40 generator, 20 ədəd su pompası, xüsusi kimyəvi bakterioloji şəraitdə istifadə olunan geyim dəstləri, qaldırıcı qurğular və digər zəruri material və avadanlıqlar daxildir".
Qeyd edək ki, yardımın göndərilməsi mərasimində Serbiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.