...

Oqtay Əsədov: Azərbaycan və Qırğızıstan arasında iqtisadi sahədəki əməkdaşlıq mövcud potensiala cavab vermir

Siyasət Materials 11 İyun 2014 18:52 (UTC +04:00)
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Qırğızıstan Joqorku Keneşin (parlament) sədri Asılbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oqtay Əsədov: Azərbaycan və Qırğızıstan arasında iqtisadi sahədəki əməkdaşlıq mövcud potensiala cavab vermir

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Qırğızıstan Joqorku Keneşin (parlament) sədri Asılbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sədr qonağı səmimi salamlayaraq Türkdilli Ölkələrin Parlament Assambleyası tədbirləri çərçivəsində ikitərəfli əlaqələrin ənənəvi xarakter aldığını bildirib. Spiker belə görüşlərin əlaqələrimizin inkişafına xidmət etdiyini söyləyib. Bildirilib ki, müstəqil Azərbaycan çoxəsrlik tarixi kökləri olan xalqlarımız arasındakı dostluğun daha da dərinləşməsinə böyük önəm verir. Münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində dövlət başçılarının görüşləri böyük rol oynayıb. Qeyd edilib ki, son illər dövlətlərarası münasibətlərin intensiv xarakter alması gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır.

Spiker təəssüflə bildirib ki, iqtisadi sahədəki əməkdaşlığımız mövcud potensiala cavab vermir: "Ümid edirik ki, yaxın gələcəkdə bu sahədə dönüş yaranacaq".

Görüşdə parlamentlərarası əlaqələrdən danışan Mili Məclisin sədri ölkə parlamentində Qırğızıstanla işçi qrupunun fəaliyyət göstərdiyini söyləyib, Qırğızıstanın qanunvericilik orqanında da Azərbaycanla ayrıca belə bir qrupun yaradılmasını dövrün çağırışı kimi səciyyələndirib. Qeyd edilib ki, deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyət göstərir, onları düşündürən məsələlər ətrafında geniş fikir mübadiləsi aparırlar.

O.Əsədov TürkPA-nın Bakıda keçiriləcək 5-ci plenar iclası barədə danışaraq, bu təşkilatın Türk dünyasının birliyinə və inteqrasiya proseslərinə, xalqların daha da yaxınlaşmasına xidmət etdiyini vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Qırğızıstan parlamentinin sədri A.Jeenbekov ölkəmizə səfərindən və burada gördüyü inkişafdan məmnun qaldığını söyləyib. O, ölkəsinin Azərbaycanla həyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.

Görüşdə TürkPA-nın 5-ci plenar iclasına hazırlıq məsələləri, parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlardan Əhliman Əmiraslanov, Çingiz Qənizadə və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti