...

Novruz Məmmədov: Görünür, Jirinovski Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərlə bağlı ətraflı məlumat alıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 İyul 2014 15:31 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskiyə "Rossiya 24" telekanalında Azərbaycan və Azərbaycan rəhbərliyi haqqında səsləndirdiyi fikirlərə görə təşəkkür edib.
Novruz Məmmədov: Görünür, Jirinovski Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərlə bağlı ətraflı məlumat alıb (ƏLAVƏ OLUNUB)

Novruz Məmmədovun fikirləri əlavə olunub (ilk xəbər saat 11:14-də yayılıb)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskiyə "Rossiya 24" telekanalında Azərbaycan və Azərbaycan rəhbərliyi haqqında səsləndirdiyi fikirlərə görə təşəkkür edib. Trend-in məlumatına görə, bu barədə Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Azərbaycan, onun Ümummilli Lideri və Prezident İlham Əliyev haqqında "Rossiya 24" telekanalında dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm".

Prezident Administrasiyası rəhbərinin müavini həmçinin vurğulayıb ki, "RBK" kanalında bəzi jurnalistlər "Rossiya 24"-ə baxıb dərs almalıdırlar, onların buna çox ehtiyacı var: "Amma görünür ki, RBK-nın bəzi jurnalistləri dövlət maraqları ilə öz maraqlarını tez-tez "səhv salırlar".

N.Məmmədovun sözlərinə görə, görünür, V.Jirinovski Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərlə bağlı ətraflı məlumat alıb: "Onun Azərbaycan, Ümummilli Lider və Prezident İlham Əliyev haqqında fikirləri, mühüm məqamlara verdiyi yüksək qiymət həqiqətin qələbəsidir".

O, qeyd edib ki, beləliklə, V.Jirinovski indiyədək Azərbaycan haqqında dediklərinin yalan olduğunu özü etiraf edir.

Qeyd edək ki, Vladimir Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib.

O, qeyd edib ki, real müsbət nümunə var: "Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib".

Rus politoloq ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi prezident seçməklə izah edib. O, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevi yüksək qiymətləndirib və onu dahi azərbaycanlı adlandırıb.

Jurnalistin sualını cavablandıran RLDP lideri Azərbaycanın pespektivdə Gömrük İttifaqına daxil olma ehtimalını istisna etməyib.

V.Jirinovski qeyd edib ki, Azərbaycan və Rusiya rəhbərləri və hökumət üzvləri arasında əla münasibətlər var. Onun fikrincə, Rusiya müsəlman ölkəsi olan Azərbaycana böyük diqqət ayırmalıdır, belə ki, bu, yekunda Türkiyə və İranla əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq.

V.Jirinovski həmçinin bildirib ki, bir çox digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda rus dilinə hörmətlə yanaşırlar. Ölkədə 400 rus məktəbi, rus teatrı, universiteti fəaliyyət göstərir: "Həmişə pis şeylər haqqında danışmaq lazım deyil, cünki Azərbaycan var!".

Rus siyasətçi rusiyalı turistləri Azərbaycan kurortlarına səfər etməyə çağırıb: "Azərbaycan antirus partiyanın olmadığı yeganə ölkədir. Bu, sözün əsl mənasında dost ölkə deməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti