Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İlkin İzzət/
"Azərbaycan ilə Rusiya arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hər iki ölkənin parlamentləri arasında da sıx əlaqələr var". Trend-in məlumatına görə, bunu sentyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski ilə görüşündə deyib.
Milli Məclisin sədri Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib.
O.Əsədov Azərbaycanda rus dilinə yaxşı münasibətin olduğunu və ölkəmizdə rus dilində məktəblərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
V.Jirinovski Rusiya-Azərbaycan əlaqələrinin inkişaf etdiyini və tez-tez yüksək səviyyəli görüşlərin keçirildiyini deyib. O, qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin daha da inkişafı üçün böyük imkanlar var.
Rusiyalı deputat deyib ki, Azərbaycan ilə Rusiya daim sadiq tərəfdaş olublar: "Bu, Heydər Əliyevin hakimiyyəti illərində də belə idi, İlham Əliyevin prezidentliyi dövründə də belədir".