Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/
"Biz məgər QHT nümayəndələrini girov götürmüşük ki, onları qeyd-şərtsiz qaytaraq?" Trend xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, Avropa Parlamentinin üzvləri "danos verənlərin" hesabına Azərbaycan haqqında qeyri-obyektiv hesabat yayırlar: "Freedom House adlı təşkilat kimdir ki, dövlətlər haqqında hesabat yayır? Biz buna çox sərt mövqe göstərməliyik. Deyirlər ki, QHT-çiləri həbsdən azad edin, özü də qeyd-şərtsiz. Biz onları girov götürmüşük ki, qeyd-şərtsiz azad edək? Hələ istintaq gedir, qoy məhkəmə olsun, nəticəsini görərik. Bu, istintaqa təzyiq formasıdır".
Millət vəkili əlavə edib ki, adətən xarici donorların QHT-lərə ayırdığı qrantlar dolayısı ilə siyasi partiyalara, mətbuat orqanlarına gedir: "Harada görünüb ki, QHT rəhbəri həm də siyasi partiyanın sədr müavini olsun?"
Deputat "QHT-lər haqqında" Qanuna yenidən baxılmasını, bu cür halların qarşısının qanunvericiliklə alınmasını təklif edib.