Rus xəbərlər xidmətinin redaktoru
Seymur Əliyev - Trend:
Gürcüstanda uzun müddət ərzində "közərən" siyasi qarşıdurmalar bu gün inkişafının yeni mərhələsinə çıxdı. Müdafiə, xarici işlər və Avropaya inteqrasiya nazirləri postlarından "getdilər". Bu şəxslər Avropa ilə yaxınlaşmanın ilk sıralarında idilər.
Gürcüstandakı hadisələr Azərbaycanı narahat etməyə bilməz, çünki bu ölkə təkcə yaxın qonşu deyil, həm də Bakının regionda ən strateji siyasi və iqtisadi tərəfdaşlarından biridir.
Gürcüstanın stabilliyi və hakimiyyət vertikalının bütövlüyü ikitərəfli münasibətlər, həyata keçirilən və planlaşdırılan iri iqtisadi layihələr üçün böyük əhəmiyyətə malikdir. Gürcüstanın qoşulduğu, Azərbaycanın təşəbbüs göstərdiyi demək olar ki, bütün regional layihələr Avropaya tərəf yönəlib və Gürcüstanın siyasi kursundakı mümkün dəyişikliklər Tbilisinin özünün Qərblə münasibətlərinə təsir edə bilər. Xüsusən də bu ölkədən Avropanın enerji müstəqilliyinin təminatı üzrə mühüm layihələrdən biri - Cənub Qaz Dəhlizinin kommunikasiyaları keçir.
Bununla yanaşı, xatırlamaq vacibdir ki, Gürcüstandakı istənilən daxili siyasi proseslərdə iqtisadi amil həmişə ölkənin müstəqilliyinin ən mühüm tərkib hissələrindən biridir.
Bu gün Gürcüstan təkcə Xəzər dənizindən Avropaya enerji resurslarının və yüklərin tranzitçisi deyil, həm də onların istehlakçısıdır. Bu səbəbdən də hər şeydən əvvəl ölkənin özü üçün bütün ən böyük regional layihələrin reallaşdırılmasının prioritet kimi saxlanması vacibdir və bu, istənilən siyasi güclə hakimiyyətin saxlanması şərtlərindən biridir.
Gürcüstandakı hadisələr bir daha təsdiq edir ki, dövlətdə sabitlik və hakimiyyətdə monolitlik ölkənin inkişafının əsas amillərindən biridir və qəbul edilmiş siyasi kursa əməl olunmasıdır. Hakimiyyətdə monolitlik olmadıqda ölkəni ziddiyyətlər parçalayır və xarici oyunçuların təzyiqlərinə məruz qalır ki, bu da müstəqil siyasət kursu yürütmək imkanlarına mənfi təsir edir.