...

Litva nüvə və radiasiya təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Siyasət Materials 14 Yanvar 2015 13:27 (UTC +04:00)
Litva Avropa İttifaqının üzvü olaraq nüvə və radiasiya təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır.
Litva nüvə və radiasiya təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Litva Avropa İttifaqının üzvü olaraq nüvə və radiasiya təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır. Trend-in məlumatına görə, bunu Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas Azərbaycan Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, Litva Radiasiya Təhlükəsizliyi Mərkəzi, Litva Layihələrin İdarəolunması Mərkəzi Agentliyi ilə birlikdə "Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərin inkişafı" layihəsinin nailiyyətlərinin təqdim edilməsi zamanı çıxışında deyib.

Layihənin nəticələrini yüksək qiymətləndirən səfir yüksək əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib: "Azərbaycan hökuməti bu sahədə həyata keçirilən layihələrə böyük dəstək verir. Litva bu sahədə Azərbaycanla əməkdaşlığı davam etdirməyə və genişləndirməyə hazırdır".

Layihənin nəticələri barədə danışan Litva Radiasiya Təhlükəsizliyi Mərkəzinin direktoru Albinas Mastauskas qeyd edib ki, layihə Azərbaycanda nüvə və radiasiya təhlükəsizliyinin inkişafına mühüm töhfə verib. O qeyd edib ki, layihə çərçivəsində bir çox əhəmiyyətli işlər həyata keçirilib.

A.Mastauskasın sözlərinə görə, Azərbaycanın nüvə və radiasiya təhlükəsizliyi sahəsində qanunvericiliyi Avropa İttifiaqının qanunvericiliyinə uyğunlaşdırılıb.

O bildirib ki, nüvə və radiasiya təhlükəsizliyi üzrə dövlət proqramının layihəsi hazırlanıb: "Azərbaycanın mövcud radiasiya təhlükəsizliyi ilə bağlı qanunvericiliyi təhlil edilib. Radiasiya təhlükəsizliyinin ölçülməsi üzrə Aİ-nın standartlarına uyğun metodar hazırlanıb".

Mərkəz rəhbəri həmçinin qeyd edib ki, layihə çərçivəsində radiasiya qəzalarının qiymətləndirilməsi və monitorinqi üzrə qurğular hazırlanıb.

Gələcək planlardan danışan A.Mastauskas qeyd edib ki, nüvə və radiasiya təhlükəsizliyi sahəsində qanunvericilik aktlarının inkişafı, icbari proqramların qəbul edilməsi və bu sahədə çalışan heyətin daimi əsasla təlimatlandırılması, o cümlədən FHN ehtiyacları üçün radioloji laboratoriyaların imkanlarının gücləndirilməsi vacib məsələlərdəndir.

Azərbaycan Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis əvəzi Vüqar Hüseynov da çıxış edərək layihənin Azərbaycan üçün əhəmiyyətini qeyd edib. O bildirib ki, layihə çərçivəsində yüksək nəticələrə nail olunub. V.Hüseynovun sözlərinə görə, Azərbaycanda nüvə və radiasiya təhlükəsizliyinin, nüvə texnologiyalarının inkişafına mühüm töhfə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti