...

"The Hill": Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir

Siyasət Materials 23 Yanvar 2015 17:06 (UTC +04:00)
ABŞ Konqresinin ən nüfuzlu nəşrlərindən olan “The Hill” qəzeti Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi böyük uğurlar barədə məqalə dərc edib.
"The Hill": Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Yelena Kosolapova/

ABŞ Konqresinin ən nüfuzlu nəşrlərindən olan "The Hill" qəzeti Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi böyük uğurlar barədə məqalə dərc edib.

Trend-in məlumatına görə, məqalənin müəllifi, israilli analitik Arye Qut yazır: "Azərbaycanda dini tolerantlıq sahəsində xeyli iş görülüb".

O, ABŞ-ın Beynəlxalq dini azadlıq Komissiyasının (USCIRF) Azərbaycan, eləcə də tolerantlığın inkişafı sahəsində bir sıra uğurlar əldə edən Qazaxıstan haqqında tənqidlərini tamamilə əsassız hesab edir.

Müəllif qeyd edir ki, bu Komissiya, görünür, dünyada cərəyan edən hadisələrə diqqət yetirmir.

A.Qut yazır: "Görünür, USCIRF-nin məntiqinə əməl edərək, Komissiya Avropa liderlərinin, xüsusilə, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Ağ Evdəki çıxışlarını, yaxud Fransa və Belçika polislərinin hərəkətləri də mühakimə etməli idi. Bu, təkcə Amerikanın müxtəlif müəssisələri arasında koordinasiyanın deyil, həm də bir sıra aktual beynəlxalq məsələlərdə strateji baxışların olmamasıdır".

Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycan və Qazaxıstan dünyanın ən tolerant dövlətlərindən biridirlər və əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələr arasında bu siyahıya başçılıq edirlər.

Müəllif xatırladır ki, 2014-cü ildə Azərbaycan hökuməti etnik və dini dözümlülüyə nümunə kimi ölkənin rolunu möhkəmləndirən iki institut yaratdı. Eləcə də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsi təsis edildi və bu postu akademik Kamal Abdulla tutdu. Bundan əlavə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı və mədəniyyətlərarası dialoqun və humanitar proqramların irəliləməsi üçün Bakının rolunun formalaşdırılmasına başladı.

A.Qutun yazdığı kimi, əhalisinin əksəriyyətinin İslam dininin şiə məzhəbinə etiqad etdiyi Azərbaycanda bir sıra dini və etnik qruplar, o cümlədən xristianlar, yəhudilər və digərləri yaşayır. Milli azlıqlara münasibətdə hörmət və dözümlülük qədim dövrdən müasir dövrədək ölkənin inkişafında mühüm rol oynayır.

Müəllif həmçinin xatırladır ki, ölkə SSRİ süquta uğradıqdan sonra müstəqillik əldə etdiyi andan milli azlıqlar Azərbaycan hökumətində təmsil olunur.

A.Qut yazır: "Azərbaycan ölkədə multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün zəruri siyasi və sosial şəraitin yaradılması və genişləndirilməsindən ötrü böyük səy göstərir. Azərbaycan dəfələrlə harmoniyanın mümkün olduğunu və problemlərin zorakılığa və ya düşmənçiliyə əl atmadan həll oluna biləcəyinin mümkünlüyünü nümayiş etdirib".

Məqalədə deyildiyi kimi, Sovet İttifaqının süquta uğradığı dövr Azərbaycanda dini və milli dözümlülük ənənələri üçün əsl sınaq oldu. Həmin mürəkkəb dövrdə etnik ermənilər Azərbaycan torpaqlarını işğal etdilər, nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi.

Müəllif yazır ki, buna baxmayaraq, dinc, yanaşı yaşamağın əsas prinsipini əvvəlki kimi yenə xalqlar və dinlər arasında harmoniyanı qoruyub saxlayan Azərbaycan cəmiyyəti səciyyələndirir.

Qut yazır: "Azərbaycan əsilli İsrail vətəndaşı kimi qürurla deyə bilərəm ki, Azərbaycan rəhbərliyi yəhudi cəmiyyətinə münasibətdə hörmət və tərəfdaşlığın ən yüksək səviyyəsini nümayiş etdirir".

O xatırladır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın himayəsi altında Azərbaycanda iki sinaqoq və Cənubi Qafqazda ən böyük "Xabad-Or-Avner" - yəhudi təhsil mərkəzi inşa edilib.

Həmçinin məqalədə deyilir ki, Azərbaycanın şimalındakı Qırmızı qəsəbə (Quba yaxınlığında) İsraildən kənarda yeganə yəhudi yaşayış məntəqəsi və Azərbaycanın fəxri hesab edilir. Bu regionda müsəlmanlar və yəhudilər əsrlər boyunca bir-biri ilə harmoniyada yaşayırlar.

Müəllif xatırladır ki, Qubada müsəlmanlarla yəhudiləri 1918-1919-cu illərin faciəli hadisələri birləşdirir. O zaman erməni daşnakları minlərlə azərbaycanlını və yəhudini qətlə yetiriblər.

A.Qut yazır: "İsrail hökuməti Azərbaycan hökumətinin yəhudi cəmiyyətinə münasibətini yüksək qiymətləndirir. Əgər bu hörmət və tərəfdaşlıq ənənələri olmasaydı, Azərbaycanla İsrail arasında yaxın ikitərəfli münasibətlər mövcud olmazdı".

Məqalədə o da bildirilir ki, ölkələr arasında ticarət sahəsində əməkdaşlıq genişlənir. İsrail dünya bazarlarında Azərbaycan neftinin əsas idxalçılarından biridir. İsrail Azərbaycan neftinin təxminən 30 faizini idxal edir. İki ölkə müxtəlif yüksək texnoloji layihələrdə də tərəfdaşdırlar. İki ölkə arasında digər sahələrdə də əlaqələr mövcuddur. Hazırda Azərbaycan və İsrail arasında əmtəə dövriyyəsi 3,5 milyard dollar təşkil edir.

Müəllif onu da qeyd edib ki, İsrail cəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə hörmət bəsləyir.

Azərbaycanla İsrail, eləcə də Azərbaycanla azərbaycanlı israillilər arasında münasibətləri qarşılıqlı mənfəət güdən maraqlarla izah etmək doğru deyil. Müəllif yazır: "Ümumi dəyərlər və ümumi tarix müasir münasibətlərdən keçir. Hər iki tərəf müxtəlif və dini tolerant cəmiyyətlərdə yaşamaqda qətiyyətlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti