...

Əli Həsənov: Azərbaycan İsraili özünün strateji tərəfdaşı hesab edir

Siyasət Materials 27 Yanvar 2015 16:24 (UTC +04:00)
Azərbaycan İsraili özünün çox mühüm müttəfiqi və strateji tərəfdaşı hesab edir.
Əli Həsənov: Azərbaycan İsraili özünün strateji tərəfdaşı hesab edir

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan İsraili özünün çox mühüm müttəfiqi və strateji tərəfdaşı hesab edir". Trend-in İsrailin "Jerusalem Post" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda səfərdə olan İsrail nümayəndə heyəti ilə görüşdə deyib.

O, qeyd edib ki, iki ölkə arasında əlaqələr bundan sonra da inkişaf edəcək: "Azərbaycanın milli maraqlarına uyğun olaraq bizim dünyanın bütün ölkələri ilə, o cümlədən bir-biriləri ilə rəqabətdə olan ölkələrlə münasibətlərimiz var".

Buna misal olaraq, Ə.Həsənov Azərbaycanın ABŞ və Rusiya, İsrail və İran ilə əlaqələrini vurğulayıb.

Ə.Həsənov əlavə edib ki, İsrail həm də Yaxın Şərqdə mühüm dövlət olduğuna və özünün inkişaf etmiş texnologiyalarına görə Azərbaycan üçün bu qədər vacib ölkədir.

Ə.Həsənov onu da vurğulayıb ki, Azərbaycanla İsrail arasında əməkdaşlığın bu cür inkişafı azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərdən irəli gəlir.

Azərbaycanda yəhudi icmasının 2500 il tarixi olduğunu deyən şöbə müdiri qeyd edib ki, hazırda Azərbaycanda 9 minə qədər yəhudi, İsraildə isə on minlərlə Azərbaycan yəhudisi yaşayır.

İsrailin müsəlman ölkələri ilə əlaqələr yaratmasının vacibliyini qeyd edən PA rəsmisi deyib ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan İsraillə yaxşı münasibətləri olan bir İslam ölkəsi kimi nümunə ola bilər.

Ə.Həsənov əlavə edib ki, hansısa məsələlərdə İsraillə müsəlman ölkəlləri arasında anlaşılmazlıq olduğu halda belə, əməkdaşlıq etmək və münasibətlər qurmağın mümkün olduğu digər sahələr var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti