...

Bakıda Azərbaycan-Qırğızıstan hərbi əlaqələri müzakirə olunub (FOTO)

Siyasət Materials 11 Fevral 2015 14:39 (UTC +04:00)
Müdafiə naziri Zakir Həsənov Qırğızıstan Respublikasının müdafiə nazirini qəbul edib.
Bakıda Azərbaycan-Qırğızıstan hərbi əlaqələri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Qırğızıstan Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyevi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra Müdafiə Nazirliyində A.Kudayberdiyevin rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, Qırğızıstanın müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında müdafiə, o cümlədən hərbi təhsil sahəsində əməkdaşlığın perspektivləri, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri general-polkovnik Z.Həsənov Ermənistanın bölgədəki sabitliyə əsas təhlükə yaratdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Öz növbəsində qonaq dövlətlərimizin əlaqələrinin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını qeyd edib.

Sonra Azərbaycan-Qırğızıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qırğızıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti