...

Buxarestdə Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib

Siyasət Materials 26 Fevral 2015 19:35 (UTC +04:00)
2015-ci ilin 26 fevral tarixində Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində anım mərasimi keçirilmişdir.
Buxarestdə Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib

Azərbaycan, Bakı, 26 fevral /Trend/

2015-ci ilin 26 fevral tarixində Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində anım mərasimi keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, türk-tatar icmalarının nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, çıxış edənlər Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından, öz tarixi topraqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışmışdır.

Xocalı faciəsinin Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğunu söyləyərək, ermənilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışmış, tədbir iştirakçılarına soyqırım aktının bir sıra dünya ölkələrində anıldığını bildirmişlər.

Daha sonra tədbir iştirakçılarına, İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında məlumat verilmiş, beynəlxalq miqyasda, o cümlədən Rumıniyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində diaspor üzvlərinin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyi vurğulanmışdır.

Qeyd etmək lazımdır ki, Rumıniya Avropa İttifaqı və NATO üzv ölkələri arasında Xocalı qırğınına qarşı parlament səviyyəsində dürüst mövqe nümayiş etdirən ilk ölkə olmuşdur. Belə ki, qanunvericilik orqanında etnik ayrı-seçkilik zəminində erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri amansız qətlin nəticələri açıqlanmış, münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və suverenliliyinə birmənalı dəstək bildirilmişdir. Avropada erməni diasporunun köklü və mütəşəkkil şəkildə fəaliyyət göstərdiyi ikinci ölkə olan Rumıniyada parlamentin bu mövqeyi qanunvericilik, eləcə də digər dövlət orqanlarında təmsil olunan erməni bürokratlara ən böyük zərbə olmuşdur.

Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilmişdir.

Bununla yanaşı, Xocalı faciəsi ilə əlaqədar Rumıniyanın bir sıra nüfuzlu qəzetlərində və mətbuat orqanlarında məqalələr çap olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti