...

Hikmət Çətin: Ermənistan çox böyük qazanc əldə edə bilərdi...

Siyasət Materials 29 Aprel 2015 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İlkin İzzət/

"Ermənistan sülh və əməkdaşlıq yolunu seçsəydi, çox böyük qazanc əldə edə bilərdi. Xəzərin neft və qazı onun ərazisindən keçəcəkdi". Trend xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bu gün III Qlobal Bakı Forumunda enerji təhlükəsizliyinə həsr edilmiş paneldə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Xəzərin neft-qazı Azərbaycandan Ermənistana, oradan Türkiyəyə və Kiprə, daha sonra Avropaya nəql edilə bilərdi: "Enerjidən sülh və əməkdaşlıq vasitəsi kimi istifadə etmək olar. Bizə sülh lazımdır. Hamımız enerjidən asılıyıq. Bu, universal aktivdir. Ondan insanların xeyrinə sülh yolu ilə istifadə etmək lazımdır. Ona görə, beynəlxalq münaqişələri həll etməliyik ki, enerji məsələləri də öz həllini tapsın.

H.Çətinin fikrincə, dünyada enerji təhlükəsizliyinə nail olmaq üçün bu sahədə konvensiya yaradılmalıdır: "Biz enerji təhlükəsizliyi üzrə konvensiya yarada bilərik. Bu, həm kommersiya məsələlərini, həm də siyasətin enerji istiqamətini özündə ehtiva edəcək. Bunu BMT öz üzərinə götürməlidir. Enerji sahəsində bizə konvensiya lazımdır. Əsas fikir odur ki, hamı enerjiyə müsbət aktiv kimi baxsın. Yoxsa güc və s. kimi baxılmasın. Bu, ideoloji səslənə və çətin reallaşdırıla bilər. Amma biz siyasi münaqişələrdən uzaqlaşmalı, insanların xeyri naminə əməkdaşlıq etməliyik".

Sabiq nazir həmçinin qeyd edib ki, Türkiyə üçün Azərbaycanla münasibətlər çox önəmlidir: "Türkiyə Xəzərin neft-qazının nəqli üçün bir mərkəz rolunu oynaya bilər. Yaxın Şərqin qaz və neftinin də nəqli Türkiyə vasitəsilə aparıla bilər. Ona görə də TANAP çox önəmli layihədir. Türkmənisan və Azərbaycanla əməkdaşlıq Türkiyə kimi, Avropa üçün də çox önəmli olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti