...

Deputatlar: Fərqli siyasi mövqelər İran-Türkiyə iqtisadi münasibətlərinə kölgə salır

Siyasət Materials 7 Avqust 2015 13:20 (UTC +04:00)

İran, Tehran, 7 avqust /Trend, müxbir Təmkin Cəfərov/

"Türkiyə və İran arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş potensial olub. Bu, həm iqtisadi, həm də siyasi və mədəni sahələri əhatə edirdi, lakin təəssüflər olsun ki, hazırkı şəraitdə Türkiyənin fəaliyyəti əməkdaşlıq üçün prespektivliyi məhv edib".

Bunu Trend-ə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin gələn həftə Türkiyəyə səfərini şərh edərkən deyib.

O, qeyd edib ki, İran regionda Suriya hakimiyyətinin ən yaxın müttəfiqidir: "Türkiyə isə Bəşər Əsəd hakimiyyətinin əleyhinədir".

M.Həqiqətpur İranın Türkiyə ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib: "Lakin Türkiyənin yürütdüyü hazırkı siyasət bu əməkdaşlığa maneədir".

O deyib ki, Türkiyə İranın ən böyük ticarət tərəfdaşları sırasındadır: "İran keçən il (İranda il martın 21-dən başlayır - red.) Türkiyədən 3,822 milyard dollarlıq idxal həyata keçirib. Türkiyə İrana ixrac etdiyi malın həcminə görə dördüncü yerdədir. İranın Türkiyəyə qeyri-neft ixracı isə həmin müddətdə 2,15 milyard dollara çatıb. İran, həmçinin Türkiyəyə gündəlik təqribən 100 min barel xam neft və 27 milyon kubmetr qaz ixrac edir. Bundan başqa, Türkiyə İrandan keçən il 2,4 milyard kilovat-saat elektrik enerisi idxal edib. Ümumiyyətlə, 2014-cü ildə İran və Türkiyə arasında ticarət dövriyyəsi 14 milyard dollara çatıb. Bu rəqəm 2000-ci ildə 1 milyard dollar idi və iki ölkə rəsmiləri bu rəqəmin növbəti illərdə 30-35 milyard dollara çatacağını bəyan ediblər".

İran parlamentinin Sənaye və mədənlər komissiyasının üzvü Nadir Qazipur isə Trend-ə bildirib ki, İran və Türkiyə qonşu və həmsərhəd ölkədirlər və bir-biri ilə əməkdaşlıq etməlidirlər.

Onun sözlərinə görə, hazırkı şəraitdə Türkiyənin Yaxın Şərq regionunda yürütdüyü siyasət İran və Türkiyə arasındakı mövcud yaxşı münasibətlərdə problemlər yaradır: "Nazir Məhəmməd Cavad Zərif Türkiyəyə səfərində bu ölkənin Yaxın Şərq regionundakı siyasəti ilə bağlı danışıqlar aparmalıdır".

N.Qazipur əlavə edib: "Düşünürəm ki, iki ölkə məsləhətləşmələri davam etdirməlidir və mövcud əlaqələr daha da inkişaf etdirilməlidir".

Qeyd edək ki, gələn həftənin sonu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək. İran mətbuatı Türkiyə KİV-ə istinadən yazır ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu M.C.Zərifin Türkiyəyə səfəri zamanı regiondakı problemlər və iki ölkənin İŞİD terror qruplaşmasına qarşı birgə mübarizəsi məsələlərinin müzakirə olunacağını deyib. M.C.Zərifin avqustun 12-də isə Livana səfər edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti