Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
"Ermənistanın baş naziri Ovik Abramyanın Ermənistan nazirlərinə xarici ölkələrdə olarkən Ermənistanın səfirlərilə görüşməməyi, görüş baş tutacağı təqdirdə isə danışıqların məzmununu yaymağı qadağan etməsi barədə yazmışdıq. Bu məsələ ilin əvvəlindən Ermənistanda aktualdır".
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu qeyd edib ki, xarici işlər naziri Eduard Nalbandyan hətta fevralın 20-də baş nazir O.Abramyana yazılı şəkildə müraciət edibmiş: "Əsasən 3 nazir tənqid olunub: Diaspora işləri üzrə nazir Hələbdə baş konsulla, səhiyyə naziri A.Muradyan İsveçdə, Gənclər və idman naziri Q.Kazaryan isə Niderlandda Ermənistan səfirlərilə görüşüblər. Xarici ölkələrdə Ermənistana münasibət pisə doğru dəyişir. Həmin ölkələr narazılıqlarını Ermənistanın səfirlərinə çatdırırlar. Səfirlər isə Xarici İşlər Nazirliyinə bu barədə yazılı hesabatlar, məlumatlar göndərirlər. Amma Ermənistanın Xarici İşlər Nazirliyi fəaliyyətini yalnız yalan üzərində qurub. Səfirlər nazirliklərinə göndərdikləri yazılı hesabatlara reaksiya görmədikləri üçün işlədikləri ölkələrə gələn erməni nazirlərilə dərdləşirlər. Beləliklə, nazirlər Ermənistanın xarici siyasəti barədə alternativ mənbəyə çevrilirlər, Xarici İşlər Nazirliyinin yaydığı məlumatdan fərqli məlumat yayırlar. Ona görə O.Abramyan bu 3 nazirin üzərinə iclasda hiddətlənib".
Politoloq vurğulayıb ki, Ermənistanın baş naziri O.Abramyan indi bir az da irəli gedərək iqtisadiyyatla bağlı yalnız optimist rəqəmlər yaymağı əmr edib: "Bu barədə Milli Statistika Xidmətinə müvafiq göstəriş verib. Hökumət üzvlərinə onun gətirdiyi rəqəmləri təkzib etməyi qadağan edib. Baş nazir IT sahəsində mühüm hesab edilən layihələrə dəstək veriləcəyini bildirib. Kənd təsərrüfatına çoxlu innovasiyaların lazım olduğunu bildirən baş nazir O.Abramyan iqtisadiyyatın inkişafı üçün cəsarətli və qeyri-standart addımların atılmasının zəruriliyini bildirib. Müasir mərhələdə ilk saxtalaşdırmanı Baş nazir özü başlayıb. Guya 2015-ci ilin əvvəlindən üzü bəri ÜDM artımı 4.5% olub. Sonradan onun müavini V.Qabrielyan bildirib ki, baş nazir sadəcə arzusunu bildirib, qiymət verib. Baş nazir O.Abramyan iqtisadi inkişafın artım tempi ilə bağlı əvvəlki fikrini yenidən təkrarlayıb. Amma bu dəfə 4.5% əvəzinə 4% rəqəmini işlədib. O.Abramyanın 4%-lik artım dediyi dövrdə Ermənistanın xarici ticarət dövriyyəsi 19.9%, təxminən 2.7 milyard dollar azalıb, həmin zaman kəsiyində Ermənistanda 18 min orta və kiçik sahibkarlığa dair müəssisə fəaliyyətini dayandırıb".
Politoloqun sözlərinə görə, IT sahəsinin iqtisadi göstəricilərilə də bağlı fikir ayrılıqları mövcuddur: "Milli Statistika Xidməti Baş nazirin tapşırığını artıqlaması ilə yerinə yetirib: "Artım 5,1 %-dir. Baş nazirin müavini V.Qabrielyandan sonra maliyyə naziri Q.Xaçatryan da O.Abramyanın qadağasına əməl etməyib. Maliyyə naziri də iqtisadi rəqəmlərin azalmasından narahatdır. O bunun Ermənistanın gələcəyinə neqativ təsir edəcəyini bildirib. Belə görünür ki, O.Abramyan tabeliyində olanlara onu təkzib etməyi qadağan etsə də, qadağası işləmir".
M.Əhmədoğlu bildirib ki, O.Abramyan optimist rəqəmlər yaymağa məcburdur: "Çünki qarşıdan yeni konstitusiya üzrə parlament seçkiləri gəlir. O.Abramyan bu seçkilərdən sonra yenə baş nazir olmaq fikrindədir. Yeni baş nazir indiki baş nazirdən daha səlahiyyətlidir. Eyni zamanda, O.Abramyan bilir ki, Ermənistan rəhbərliyini xarakterizə edən ən vacib parametrlər yalan və blef bacarığıdır. Ona görə də yalanı və blefi rəsmi şəkildə legitimləşdirir. Amma məhz bu ona baha başa gələ bilər. Ermənistanda heç kim blefdə Serj Sərkisyandan üstün olmamalıdır".