...

Azərbaycan xalqı öz seçimini edir

Siyasət Materials 1 Noyabr 2015 13:16 (UTC +04:00)
Bu gün Azərbaycanda növbəti parlament seçkiləri keçirilir.
Azərbaycan xalqı öz seçimini edir

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

Bu gün Azərbaycanda növbəti parlament seçkiləri keçirilir.

Parlament seçkilərinə hazırlıq yüksək səviyyədə təşkil olunub. Siyasi mövqeyindən və baxışlarından asılı olmayaraq, bütün namizədlərə bərabər imkanlar yaradılıb. Namizədlərə təbliğat kampaniyasının gedişində hər hansı mane yaradılmayıb. Əksinə, onlara imkan verilib ki, daha fəal şəkildə uğurlu seçki kampaniyası təşkil edə bilsinlər.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycanı öz ruporu qismində görmək istəyən və buna nail olmayan beynəlxalq dairələr və onların ölkəmizdəki emissarları növbəti dəfə Azərbaycana qarşı qarayaxma kampaniyasına başladılar.

Müxtəlif səpkili ittihamlarla Azərbaycanda insan haqlarının pozulduğunu, mətbuata qarşı basqıların olduğunu, antidemokratik şəraitin hökm sürdüyünü bəyan etdilər.

Parlament seçkiləri ərəfəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə, ATƏT-in seçkiləri müşahidə etməkdən imtina etməsi, qurumun rəsmisi İzabel Santosun bəyanatla çıxış etməsi, eyni zamanda ABŞ-da Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı dinləmələrin keçirilməsi bir daha göstərdi ki, ölkəmizə qarşı qarayaxma kampaniyası vahid mərkəzdən idarə olunur.

İllərdir "qış yuxusu"na gedən, öz daxili problemlərini həll etməkdə aciz qalan ənənəvi müxalifət liderlərinin bu ərəfədə fəallaşması isə təsadüfi sayıla bilməz. Bir zamanlar "Corc Buş bizi hakimiyyətə gətirəcək" deyənlər bu dəfə bərk-bərk Obamanın ətəyindən yapışdılar. Elə rəy yaratmağa çalışdılar ki, guya ABŞ nəhayət, bu dəfə onlara "yaşıl işıq" yandıracaq, daha Konqresin qapılarından qovmayacaq.

Seçkiöncəsi baş verənlər, daxildən və xaricdən yönələn təzyiqlər aydın şəkildə göstərir ki, Azərbaycanın əldə etdiyi uğurlar çoxlarının yuxusunu ərşə çəkib. Onlar ölkəmizin bu şəkildə inkişafına tab gətirə bilmirlər. Amma nəyə nail olurlar? Qərbin, qərbə bağlı təsisatların Azərbaycana qarşı açıq fəaliyyəti seçki prosesinin gedişinə hər hansı təsir edirmi? Əlbəttə, yox. Əgər sualın cavabı yoxdursa, demək onlar öz məqsədlərinə nail ola bilmirlər.

Əminliklə deyə bilərik ki, Azərbaycan bu prosesdən də üzüağ çıxacaq. Çoxsaylı təzyiqlər, təhdidlər, təxribatçı niyyətlər ölkəmizi haqq etdiyi yoldan döndərə bilməyəcək. Çünki Azərbaycanda hakimiyyətin mənbəyi hər hansı "şantajçı" qərb dövləti və təşkilatı deyil, xalqdır.

Azərbaycan xalqı seçkilərdə kimə səs verəcəksə, onlar da xalqın mandatını qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti