Azərbaycan, Bakı, 6 noyabr /Trend/
"Rusiya dost Azərbaycanda uğurla keçirilmiş parlament seçkilərini alqışlayır".
Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, müşahidəçilər seçkilərdə pozuntuların olmadığını, ümumilikdə parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini qeyd ediblər.
M.Zaxarova bildirib: "Dövlət Duması və Rusiya MSK nümayəndələri MDB Müşahidə Missiyasının tərkibində elektoral monitorinqdə iştirak ediblər və digər ölkələrdən olan həmkarları ilə birlikdə səsvermənin təşkilinə və keçirilməsinə yüksək qiymət veriblər. Müşahidəçilər seçkilərin beynəlxalq standartlara, ölkə qanunvericiliyinə uyğun keçirildiyini, eləcə də ciddi pozuntuların olmadığını qeyd ediblər".
O vurğulayıb ki, Azərbaycanda parlament seçkiləri dövlət hakimiyyəti və vətəndaş cəmiyyəti institutlarının inkişafı, ölkədə daxili siyasi sabitliyin təmin edilməsi işində yeni ciddi addım oldu: "Bu ölkə ilə sıx, etibarlı, tərəfdaşlıq əlaqələrimiz ənənəvi olaraq inkişaf edir".