...

İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 1 Mart 2016 13:35 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Komitə sədri Rəşad Mahmud Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Siyasi, mədəni və dini əlaqələrimizin qədim tarixə malik olduğunu vurğulayan qonaq ölkələrimizin ən çətin vaxtlarda həmişə bir-birinin yanında olduğunu bildirdi. Rəşad Mahmud dedi: "Cənab Prezident, biz bu əlaqələrin inkişaf etdirilməsini həmişə arzulamışıq, Azərbaycan bizim ürəyimizdə yaşayır, biz bunu hər zaman sübut etmişik". Pakistanlı qonaq ölkəmizə səfəri çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı təmasların olacağına əminliyini bildirdi.

Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynin ölkəmizə uğurlu rəsmi səfərini, həmçinin Baş nazir Məhəmməd Nəvaz Şəriflə bu yaxınlarda Davosda keçirdiyi görüşü məmnunluqla xatırladı. Dövlətimizin başçısı ölkələrimiz arasında tarixi köklərə malik olan ikitərəfli münasibətlərimizin hazırda çox uğurla inkişaf etdiyini vurğuladı, Azərbaycan ilə Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkəmizin Pakistan ilə bütün sahələri əhatə edəcək ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın daha da möhkəmləndirilməsi ilə bağlı müzakirələrin aparılacağına və ikitərəfli əlaqələrimizin genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi baxımından uğurlu olacağına əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan dövlətinin başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti