Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Suma Çakrabartini yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsi münasibətilə təbrik etdi və onun bu vəzifəyə təkrar seçilməsini gördüyü işlərə verilən qiymət kimi dəyərləndirərək ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər mövcud olan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı davam etdirməkdə ölkəmizin maraqlı olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, bu bank ilə əməkdaşlıq Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfəsini verib.
Avropa Yenidənqurma və İnkişaf Bankının özəl sektora yönəltdiyi sərmayələrə toxunan Prezident İlham Əliyev bunu bank tərəfindən bu sektorda vəziyyətin düzgün qiymətləndirilməsi kimi izah etdi və həmin sərmayələrin özəl sektorun inkişafı üçün əlavə maliyyə imkanları yaratdığını dedi.
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkəmizə səfərinin məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirdi.
Suma Çakrabarti yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsində ölkəmizin verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. O, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Suma Çakrabarti rəhbərlik etdiyi qurum ilə Azərbaycan arasında tərəfdaşlığın getdikcə daha da gücləndiyini məmnunluqla vurğulayaraq son illər özəl sektora, xüsusilə qeyri-neft sektoruna qoyulan sərmayələrin artdığını dedi. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ölkəmizdə aparılan iqtisadi islahatları yüksək qiymətləndirdi.
Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın 70 faizinin özəl sektorun payına düşdüyünü vurğulayan Suma Çakrabarti maliyyələşdirdikləri 9 layihədən 8-nin qeyri-neft sektoruna aid olduğunu dedi.
Görüşdə nəqliyyat, energetika, kənd təsərrüfatı, özəl sektor, sahibkarlıq və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.