...

Diaspor rəhbəri: Azərbaycan lobbisi artıq formalaşmağa başlayıb (FOTO)

Siyasət Materials 3 İyun 2016 16:18 (UTC +04:00)
Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya” mövzusunda panel müzakirələri keçirilib.
Diaspor rəhbəri: Azərbaycan lobbisi artıq formalaşmağa başlayıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində "Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya" mövzusunda panel müzakirələri keçirilib.

Trend-in məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədovun moderatorluğu ilə keçən panel sessiyada bildirilib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür.

R.Məmmədov panel sessiyasını açaraq qeyd edib ki, Azərbaycanın diaspor hərəkatının qısa tarixinə nəzər salsaq, ulu öndər Heydər Əliyevin bu yöndə danılmaz fəaliyyətinin şahidi oluruq: "Vaxtilə Ulu Öndərin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almağa göndərilən insanlar bu gün artıq diasporumuzun fəaliyyətində mühüm rol oynayırlar. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində önəmli addımlar atılır".

Erməni təbliğatına qarşı gənclərin fəallığının daha da artırılmalı olduğunu vurğulayan R.Məmmədov deyib ki, gənclərimiz müasir innovativ texnologiyalardan istifadə ​etməklə bu mübarizədə öz sözlərini deməlidirlər: "Prezident İlham Əliyev də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu vurğulayıb və informasiya üstünlüyünün önəmini qeyd edib. İndi konkret addımlar atılmalı, real nəticələr əldə edilməldir".

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi Natiq Əliyev çıxış edərək bildirib ki, internet bu gün gənclərin həyatının ayrılmaz bir hissəsinə çevrilib: "Bu vasitədən səmərəli istifadə olunarsa ölkə həqiqətləri barədə informasiyaların daha çox insana çatmasına nail ola bilərik. Bu fəaliyyət mərkəzləşdirilmiş formada təşkil olunmalı, gənclər təşkilatları bir-biriləri ilə əlaqələri işləməli, həmrəylik nümayiş etdirməlidirlər".

"Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası"nın sədri, Vaterlo Universitetinin professoru İlham Axundov çıxış edərək bildirib ki, hər bir zamanın dominant anları var, regionda və dünyada olan siyasi sıçrayışları və informasiya müharibəsini də nəzərə alsaq, gənclər bu istiqamətdə daha aktiv olmalıdırlar. İ.Axundov deyib ki, Azərbaycan lobbisi artıq formalaşmağa başlayıb, bu tarix 20 ilə yaxın bir dövrü əhatə edir və bu gün Azərbaycan diasporu artıq əlaqəli fəaliyyət göstərir.

İ.Axundov diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyev çox ciddi şəkildə informasiya sahəsində görüləsi hələ çox işlərin olduğunu bildirdi: "Bunu nəzərə alaraq, işimizi daha da canlandırmalıyıq. Bu gün müasir dünyada yeni innovativ texnologiyalar populyarlıq qazanır. İstifadə etdiyimiz kompüterlər artıq daha innovativ vasitələrlə əvəzlənir. Belə bir şəraitdə məlumatları operativ ötürməyi bacarmalıyıq. Bu baxımdan texniki şərait movcuddur, yalnız qalır onu reallıqda tətbiq etmək".

Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev qurultayın açılışında üç önəmli məsələyə toxundu: "Bunlar diasporun ən zəif nöqtələrini əhatə edir: mediada boşluqlar, qanunvericilik orqanlarında boşluqlar, azərbaycanlı iş adamlarının Azərbaycana sərmayə yatırması. Hər üç istiqamətdə görüləsi işlər çoxdur. Çalışmalıyıq ki, hər bir kəs bu istiqamətlərdə əlindən gələn köməyi əsirgəməsin".

Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının fəaliyyəti barədə də məlumat verən Emin Hacıyev qurumun reallaşdırdığı tədbirlərdən, həyata keçirdiyi layihələrdən də danışıb.

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev müasir dövrdə mediada innovativ texnologiyalardan istifadənin önəmindən danışaraq, sosial şəbəkələrdə gənclərin aktiv olmasının zəruriliyini bildirib. O qeyd edib ki, bu gün dünyada sosial şəbəkələr bir təbliğat vasitəsinə çevrilib: "Azərbaycanlı gənclər də bu vasitələrdən istifadə etməklə ölkəmiz haqqında reallıqların daha geniş çatdırılmasında mühüm rol oynamalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti