...

"İrəli" İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib (YENİLƏNİB)

Siyasət Materials 19 Dekabr 2016 12:19 (UTC +04:00)
Bu gün "İrəli" İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib.
"İrəli" İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün "İrəli" İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransın əvvəlində “İrəli” İctimai Birliyinin iki illik fəaliyyətinə həsr olunmuş videohesabat nümayiş etdirilib və təşkilatın fəaliyyəti ilə bağlı hesabat verilib.

Daha sonra təşkilatın İdarə Heyətinin üzvləri və sədri seçilib. Mirhəsən Seyidov yenidən “İrəli” İctimai Birliyinin sədri seçilib.

M.Seyidov qeyd edib ki, bu gün Azərbaycanda gənclərə böyük dəstək göstərilir və bu istiqamətdə bir çox layihələr həyata keçirilir: “Azərbaycanda gənclərin fəaliyyətinə dəstək göstərmək üçün bir sıra dövlət qurumları var, gənclərin fəaliyyəti üçün bütün şərait yaradılıb”.

O bildirib ki, “İrəli” İctimai Birliyi qarşısına bir neçə məqsəd qoymuşdu: Azərbaycanda dövlət gənclər siyasətinə dəstək göstərilməsi, Azərbaycan gənclərinin vətənpərvər ruhda yetişdirilməsi, azərbaycançılıq ideologiyasının təbliği: "Bu istiqamətdə təşkilat tərəfindən 60-dan artıq layihə həyata keçirib. Eyni zamanda təkilat cəbhə xəttində əsgərlərlə də görüşlər keçirilib".

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda gənclər siyasəti sahəsində gözəl bir ənənə formalaşıb: "Bu gün Azərbaycanda gənclər hərəkatının stabil inkişaf dövrünü yaşayırıq. Azərbaycanda gənclər siyasətini həyata keçirən dövlət qurumları var. Gənclər də yaradılan şəraitdən istifadə edir və maraqlı təşəbbüslər irəli sürürlər. Ölkəmizin inkişafında, güclənməsində gənclərin öz potensialını icra etməsi üçün şərait yaradılıb. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir”.

Nazir müavini “İrəli” İctimai Birliyinin fəaliyyətindən danışaraq qeyd edib ki, “İrəli” gənclər təşkilatları arasında özünəməxsus yer tutur.

Daha sonra tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu gün Azərbaycanda gənclərin layiqli inkişafı üçün dövlət tərəfindən hərtərəfli yardım göstərilir: “Dövlət tərəfindən aparılan uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir, onlar ölkəmizin layiqli vətəndaşları kimi inkişaf edirlər. Ölkəmizdə gənclərlə bağlı dövlət qurumlarının fəaliyyət göstərməsi, dövlət proqramlarının həyata keçirilməsi, gənclər siyasətinə dəstək göstərmək üçün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması və digər fəaliyyətlər cəmiyyətdə gənclərin layiqli yer tutmalarına lazımi şərait yaradıb. Dövlət gənclər siyasəti nəinki gənclərin fərdi qaydada inkişafına, həmçinin onların təşkilatlanmasına şərait yaradıb”.

V.Quliyev vurğulayıb ki, “İrəli” İctimai Birliyi Azərbaycanda ən fəal və qabaqcıl gənclər təşkilatlarından biridir: “Təşkilat yaranan gündən maraqlı təşəbbüslərlə çıxış edir. Bu gün “İrəli” ətrafında minlərlə gənci birləşdirir. Təşkilatın fəaliyyətini qənaətbəxş hesab edirəm və gələcəkdə də daha çox işlər görüləcəyinə ümid edirəm”.

Daha sonra təşkilatın bir sıra üzvləri aktiv fəaliyyətlərinə görə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti