Bakı. Trend:
Azərbaycanın Koreyadakı səfirliyi tərəfindən Seulda yerləşən Hilton mehmanxanasında 28 may – Respublika Günü və Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Koreyanın dövlət və hökumət rəsmiləri, o cümlədən Ticarət, Sənaye və Enerji Nazirinin müavini, hakim Demokrat Partiyasının qurultayının sədri, Qyonqcu şəhərinin meri, Koreya Milli Assambleyasının üzvləri, Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, kütləvi informasiya nümayəndələri, aparıcı Koreya şirkətlərinin nümayəndələri, elmi-ictimai təşkilat nümayəndələri, ali təhsil ocaqları və beyin mərkəzlərinin təmsilçiləri və Koreyada təhsil alan Azərbaycanlı tələbələr və diaspora nümayəndələri iştirak ediblər.
Azərbaycan və Koreya himnləri ilə başlayan tədbirdə səfir Rəmzi Teymurov açılış nitqi ilə çıxış edib. Çıxışda R.Teymurov 28 May-Respublika Gününün önəm və əhəmiyyəti barədə danışaraq, tədbir iştirakçılarını Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumatlandırıb. 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığı, qısa mövcudluğu dövründə ölkədə siyasi-iqtisadi islahatların həyata keçirildiyi, demokratik institutların təsis olunduğu qeyd edilib.
R.Teymurov Azərbaycan Demokratik Respublikasının mövcudluğunun uzun sürmədiyini və qızıl ordunun işğalı nəticəsində Azərbaycanın 70 il Sovet İttifaqının tərkibində mövcud olduğunu qeyd edib. Səfir 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, lakin müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı Ermənistanın Azərbaycana qarşı işğalına məruz qaldığını söyləyib. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində Azərbaycanın çətin vəziyyətdən xilas olduğunu və özünün inkişaf mərhələsinə qədəm qoyduğunu qonaqların diqqətinə çatdırıb.
R.Teymurov, Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bu gün bütün dünyada hörmətlə qarşılanan bir ölkəyə çevrildiyini, Azərbaycanın özünü sabit və multikultural ölkə, regional inkişafa və təhlükəsizliyə töhfə verən əhəmiyyətli beynəlxalq tərəfdaş kimi təqdim edə bildiyini qonaqların diqqətinə çatdırıb.
Səfir daha sonra Azərbaycanla Koreya arasında 25 illik diplomatik əlaqələrinə toxunaraq, ötən 25 ildə ölkələrimizin möhkəm ikitərəfli əlaqələr qurmağa nail olduğunu, ikitərəfli əlaqələrin vacibliyinin ölkə başçılarının diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə qarşılıqlı təbrik məktubları vasitəsilə qeyd edildiyini vurğulayıb.
R.Teymurov diplomatik münasibətlərin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən Koreya Respublikasının sabiq prezidenti Ro Mu – hyuna 2003-cü ildə ünvanlandığı təbrik məktubu ilə qoyulduğunu, 2006-2007-ci illərdə Koreya Prezidenti Ro Mu-hyun və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı rəsmi səfərlərin ikitərəfli əlaqələrin sürətlə inkişaf etdirilməsinə böyük töhvə verdiyini bildirib. O, Koreyanın sabiq prezidenti Ro Mun-hyunun Azərbaycan səfəri ilə başlamış ikitərəfli əlaqələrin inkişafının, Koreyanın yeni seçilmiş prezidenti Mun Ce-inin dövründə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra əsas qonaq qismində çıxış edən Koreya Ticarət, Sənaye və Enerji Nazirinin müavini Li İnho Koreya hökuməti adından Azərbaycan xalqını Respublikanın 99-cu ildönümü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib. 1990-cı ilin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini, bu gün Azərbaycanın beynəlxalq idman və mədəniyyət mərkəzinə çevrildiyini, 1-ci Avropa Oyunları, Formula 1, 4-cü İslam Həmrəyli Oyunları, Beynəlxalq Caz Festivalı və digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.
Li İnho Koreyanın yeni hökumətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə mühüm töhvə verəcəyini əminlik ifadə edib.
Tədbirdə çıxış edən Koreyanın Qyonqcu şəhərinin meri Çoi Yanq-şik Azərbaycan xalqını Respublika günü və diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib, mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Coi Yanq-şik mart ayında Azərbaycanda səfərdə olduğunu, Qəbələ şəhəri ilə Qyonqcu arasında dostluq münasibətlərinin qurulmasına dair Sazişin imzalandığını, Azərbaycanda olduğu müddətdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyində Azərbaycanın sürətli inkişafının canlı şahidi olduğunu bildirib. O, Azərbaycan və Koreya arasında dostluq əlaqələrinin inkişafı istiqamətində birgə səylərin vacibliyini vurğulayıb və şəxsən özünün bu istiqamətdə əlindən gələni edəcəyini vəd edib.
Tədbirin rəsmi hissəsinin yekununda Azərbaycan və Koreya arasında elmi, mədəni və humanitar sahələrin inkişafına öz töhfələrini vermiş şəxslərə - SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən Qəbələdə həyata keçirilən arxeoloji qazıntılara rəhbərlik etmiş Professor Kim Cinqil, Bakıda fəaliyyət göstərən Şərq-Qərb təbabəti klinkasının həkimi Çoy Qaya və Koreyalı Muğam ustası Kim Min-soqa mükafatlar təqdim olunub.
Eyni zamanda, tədbirin keçirildiyi Hilton Mehmanxanasının lobbisində Azərbaycan və Koreya arasında diplomatik əlaqələrindən və ölkəmizin füsünkar gözəlliyindən bəhs edən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.
Tədbirdə Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş rəsmi loqo və SEBA Assosiasiyası ilə Səfirliyin birgə hazırladığı qısa film nümayiş etdirilib.
Tədbir qonaqların şərəfinə verilmiş rəsmi ziyafətlə başa çatıb.