...

Kosta Rika Azərbaycanda səfirlik açır (FOTO)

Siyasət Materials 23 İyun 2017 12:53 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb.
Kosta Rika Azərbaycanda səfirlik açır (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, nazirlər bu il Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, keçən dövr ərzində siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər.

E.Məmmədyarov iyun ayında Kosta Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayaraq keçirilmiş məhsuldar görüşlərin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. E.Məmmədyarov həmçinin, Kosta Rikaya səfəri çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələrin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

M.Q.Sanz Azərbaycanda olmağından və ölkələr arasında siyasi dialoqun və dostluğun inkişafının məmnunluq doğurduğunu nəzərə çatdırıb.

Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə ediblər. M.Q.Sanz Kosta Rikanın Azərbaycana təyin olunmuş müvəqqəti işlər vəkilini təqdim edib.

E.Məmmədyarov Kosta Rikanın Azərbaycanda səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazirlər Azərbaycan və Kosta Rikanın bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar həmçinin, gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar.

Nazirlər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər və bu xüsusda işgüzar dairələr arasında birbaşa təmasların təşviq edilməsinin vacibliyini vurğulayıblar.

M.Q.Sanz Formula 1 yarışlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib və ölkəmizin bu qəbildən olan mötəbər tədbirlərin keçirildiyi məkan olduğunu deyib.

Nazirlər həmçinin, beynəlxalq aləmdə baş verən hadisələr ətrafında geniş müzakirələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti