...

Yeni yaradılan "Anti-Separatizm Hərəkatı"ndan ÇAĞIRIŞ

Siyasət Materials 20 Noyabr 2017 15:47
“Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatı Təşəbbüs Qrupu bəyanat yayıb.
Yeni yaradılan "Anti-Separatizm Hərəkatı"ndan ÇAĞIRIŞ

Trend-i buradan izləyin

Bakı. Trend:

“Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatı Təşəbbüs Qrupu bəyanat yayıb.

Trend-ə daxil olan bəyanatda qeyd olunur ki, mədəniyyətlərarası dialoqun son dərəcə mühüm aktuallıq kəsb etdiyi müasir dövrdə “millətlərin öz müqəddəratını təyinetmə hüququ”nu əsas istinad mənbəyi kimi qəbul edərək baş qaldıran separat hərəkatlar nəinki əhatə etdiyi regionlarda, eyni zamanda, bütün dünyada dövlətlərin ərazi bütövlüyünü şübhə altına alır, xalqların birgəyaşayışına inamı sarsıdır, sülhü, sabitliyi, təhlükəsizliyi ciddi şəkildə təhdid edən qlobal problemə çevrilir.

Bildirilir ki, son illərdə Avropa İttifaqı, Şərqi Avropa ölkələri, postsovet məkanı, Yaxın və Orta Şərqdə müşahidə olunan münaqişələrin böyük əksəriyyəti milli separatizm ideyalarının nəticəsi kimi meydana çıxıb, on minlərlə günahsız insanın, o cümlədən qadın və uşaqların məhvinə, milyonlarla qaçqın ordusunun yaranmasına səbəb olub. Təəssüf hissi ilə vurğulanmalıdır ki, dünya birliyinin əksər situasiyalarda problemə müxtəlif siyasi maraqlar kontekstində yanaşması, bir çox hallarda dövlətlərin ayrı-ayrı regionlarda baş qaldıran bölücülük ideyalarına etinasız, laqeyd münasibəti separatizmin qlobal miqyasda sülhü təhdid edən ümumbəşəri problemə çevrilməsinin yolunu açıb, insanlığı yeni bir təhlükə ilə üz-üzə qoyub.

Bəyanatda deyilir: “Biz – “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forumun bu bəyannaməyə imza atan iştirakçıları separatist hərəkatların doğurduğu münaqişə ocaqlarının dünyada sülhə, təhlükəsizliyə, sabitliyə, bəşəriyyətin gələcəyinə ciddi təhdid yaratdığını aydın başa düşərək; 2016-cı ilin iyun ayında qəbul edilmiş “Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiya”nın “Avropada təhlükəsizlik qaydası”nda əksini tapmış dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipinin qlobal sülhün təmin olunmasının vacib şərti olduğuna inamımızı ifadə edərək; millətlərin öz müqəddəratını təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulması yolu ilə həyata keçirilməsinin millətlərin birgəyaşayışı, mədəniyyətlərarası dialoq, sülh və sabitlik kimi ümumbəşəri ideallara zidd olduğunu vurğulayaraq;
bütün millətlərin hüquq və azadlıqlarına hörmətimizi ifadə etməklə yanaşı, qlobal mənada sülhün bütün siyasi hüquq və maraqlardan daha üstün olduğunu qeyd edərək; dünya dövlətlərinin liderlərini, parlament və hökumətlərini qeyri-qanunu yollarla, beynəlxalq hüququn prinsiplərini pozaraq, xarici hərbi dəstək nəticəsində “müstəqilliyini” elan etmiş əraziləri tanımaqdan çəkinməyə çağıraraq; separatizm hərəkatları nəticəsində meydana çıxan münaqişələrin bütün tərəflərini siyasi müdriklik və təmkin nümayiş etdirməyə, qan tökməkdən və güc tətbiqindən imtina edərək problemi danışıqlar masası arxasında müzakirə və həll etməyə dəvət edirik".

Bildirilir ki, forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri, o cümlədən sabiq dövlət və hökumət başçıları, parlament üzvləri, ekspertlər, siyasi və ictimai xadimlərin iştirakı ilə aparılmış müzakirələr, irəli sürülmüş ideya və təkliflər əsasında qlobal sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə vermək məqsədilə 31 ölkənin (Albaniya, Almaniya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Finlandiya, Gürcüstan, İraq, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, Latviya, Litva, Lüksemburq, Moldova, Niderland, Norveç, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan) nümayəndəsinin daxil olduğu “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının Təşəbbüs Qrupu yaradılır.

Qeyd olunur ki, “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatı bütün dövlətlərin, xalqların, millətlərin, etnik, yaxud dini azlıqların hüquqlarına hörmətlə yanaşacaq, qəti şəkildə heç bir dövlətin, xalqın, millətin, dini, etnik, yaxud digər azlıqların əleyhinə fəaliyyət göstərməyəcək, mədəniyyətlərarası dialoq, millətlərin birgəyaşayışı, sülh, sabitlik və təhlükəsizlik ümumbəşəri ideyalarınıın təbliğinə xidmət edəcək.

Hərəkatın yaradılması təşəbbüsü dünyanın müxtəlif regionlarında separatizm hərəkatları nəticəsində meydana çıxan, yüzminlərlə insanın qətlinə, qaçqın və köçkünə çevrilməsinə səbəb olan münaqişələrin qlobal sülhə təhdid olduğunu, bəşəriyyətin gələcəyi üçün ciddi təhlükəyə çevrildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq ideyasına əsaslanır.

Təşəbbüs qrupu “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının Təsis konfransının 2018-ci ilin birinci yarısında hərəkatın yaradılması ideyasını dəstəkləyən ölkələrdən birində keçirilməsini məqsədəuyğun hesab edir.

“Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatı Təşəbbüs Qrupu dünya liderlərinə, beynəlxalq ictimaiyyətə, siyasi partiyalara, ekspertlərə, ictimai təşkilatlara, kütləvi informasiya vasitələrinə müraciət edərək məramı yalnız sülh, birgəyaşayış, millətlərarası etimad, mədəniyyətlərarası dialoqa töhfə vermək olan “Anti-Separatizm Hərəkatı”nı dəstəkləməyə çağırır.

Qeyd edək ki, noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti