...

Deputat: Azərbaycanın Davos forumunda uğurlu iştirakı ölkəmizin dünyada nüfuzunu daha da artır

Nəzər nöqtəsi Materials 28 Yanvar 2018 15:24 (UTC +04:00)
Azərbaycan hər il Davos İqtisadi Forumunda uğurla təmsil olunur və ölkəmizin dünyada nüfuzu daha da artır
Deputat: Azərbaycanın Davos forumunda uğurlu iştirakı ölkəmizin dünyada nüfuzunu daha da artır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan hər il Davos İqtisadi Forumunda uğurla təmsil olunur və ölkəmizin dünyada nüfuzu daha da artır. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Davos İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur.

O qeyd edib ki, forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və Forumun illik toplantılarına dövlət rəhbərləri, tanınmış siyasi xadimlər, böyük və nüfuzlu şirkətlərin rəhbərləri, müxtəlif qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri qatılırlar.

H.Babaoğlu bildirib ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir: "Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu həm də iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır".

Azərbaycan Davos İqtisadi Forumunda uğurla təmsil olunduğunu bildirən H.Babaoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Forum çərçivəsində "Strateji baxış: Avrasiya" panelindəki müzakirələrdə çıxış edərək ölkəmiz, region və dünya üçün strateji əhəmiyyətə malik olan məsələləri diqqətə çatdırdı, Azərbaycan reallıqlarını ifadə etdi:

"Çıxışlar çərçivəsində Davos İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illərdir səmərəli əməkdaşlığın həyata keçirildiyi, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etdiyi diqqətə çatdırıldı. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanda bütün fundamental azadlıqların, o cümlədən mətbuat azadlığının təmin olunduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. Bu, Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmağa və "qara piar" kampaniyası aparmağa çalışanlara tutarlı cavab idi. Bəllidir ki, anti-Azərbaycan dairələr və erməni lobbisi ilə sinxron fəaliyyət göstərən müəyyən təşkilatlar söz azadlığı, demokratiya və insan hüquqları kimi məsələləri siyasi manipulyasiya predmetinə çevirərək Azərbaycana qarşı mənfi rəy yaratmağa çalışır, ölkəmizin pozitiv beynəlxalq imicinə xələl gətirməyə çalışırlar. Lakin Prezident İlham Əliyev reallıqları qətiyyətlə ifadə edərək həmin neqativ cəhdlər və təşəbbüsləri ifşa etdi, Azərbaycan həqiqətləri mötəbər beynəlxalq tribunadan dünya ictimaiyyətinə dolğun şəkildə çatdırıldı".

Deputat vurğulayıb ki, Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu deyən Prezident İlham Əliyev bu siyasətin milli maraqlarımıza söykəndiyini, ölkəmizdə sabit siyasi və iqtisadi vəziyyətin mövcud olduğunu diqqətə çatdırdı:

"Əlbəttə, Azərbaycanın daxili və xarici siyasət kursunun əsasında müstəqillik prinsipi dayanır, həyata keçirilən siyasət milli maraqlarımıza söykənir. Azərbaycana qarşı təzyiq və "qara piar" kampaniyasının başlıca səbəbi dövlətimizin müstəqil, heç kimdən asılı olmayan siyasət həyata keçirməsidir. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycanın cazibə mərkəzinə çevrilməsi həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və tarazlaşdırılmış xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı Azərbaycanın xarici siyasətini xarakterizə edərkən ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasının əhəmiyyətini diqqətə çatdırdı. Əlbəttə, regional əməkdaşlıq və təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycanın tarazlaşdırılmış xarici siyasət həyata keçirirməsi həm ölkəmizin milli maraqlarının qorunması, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunması baxımından mühüm strateji əhəmiyyətə malikdir".

H.Babaoğlu onu da qeyd edib ki, Forum çərçivəsində davam etdirilən intensiv təmaslar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsi baxımından müstəsna əhəmiyyətə malikdir:

"Bütün bunlar Forum iştirakçılarında Azərbaycan iqtisadiyyatı və ölkəmizin iqtisadi siyasəti barədə real təsəvvür yaratmaqla əməkdaşlıq üçün yeni perspektivlərin açılacağından xəbər verir. Prezident İlham Əliyevin xeyli sayda ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi dünyanın ölkəmizə olan diqqətinin göstəricisidir və yeni tərəfdaşlıqların əsasının qoyulmasına zəmin yaradır".

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 22-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gedib. Dövlət başçısı Davos Forumu çərçivəsində "Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı" adlı sessiyada, eyni zamanda "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda iştirak edib. Bundan başqa Davosa səfəri çərçivəsində Prezident İlham Əliyev bir sıra dövlət və hökumət başçıları, şirkət rəhbərləri ilə görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti