Bakı. Samir Əli - Trend:
Sumqayıtda ermənilər öz evlərini yandırmağa cəhd edərək günahı azərbaycanlıların boynuna atmaq istəyiblər.
Trend-in məlumatına görə, bunu Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə İstintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev deyib.
Sumqayıt şəhərində baş vermiş hadisələrdə təxribat qruplarının iştirakına toxunan N.Mirzəyev bildirib ki, istintaqla müəyyən edildiyi kimi, Sumqayıt şəhərinin keçmiş güc strukturlarının əməkdaşları faktiki olaraq Sumqayıt hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, özlərinin apardıqları təhlillərlə müəyyən ediblər ki, şəhərdə özlərini “Qafandan qovulmuş azərbaycanlılar” kimi təqdim edən 20-25 nəfərdən ibarət təxribat qrupu fəaliyyət göstərir: “Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat veriblər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən onların yoxlanılması təşkil edilməyib və nəticəsiz qalıb. Həmçinin müəyyən edilib ki, həmin vaxt şəhərdə gedən mitinqlərdə şəhər sakinləri olmayan şəxslər çıxış edərək özlərini Ermənistandan qaçqın düşmüş azərbaycanlılar kimi təqdim edib və erməniləri şəhərdən qovmağa çağırıb, öz aralarında isə erməni dilində danışıblar”.
O əlavə edib ki, Sumqayıt şəhərində törədilmiş kütləvi iqtişaş ərəfəsində Ermənistanın dövlət qeydiyyat nömrəsi altında bir neçə avtomaşının olması, həmçinin Sumqayıt və Bakı şəhərində yerləşən mehmanxanalarda çoxsaylı erməni millətindən olan adamların qaldıqları, iqtişaşdan sonra dərhal çıxıb getdikləri müəyyən edilib. Həmçinin müəyyən edilib ki, Sumqayıt şəhərində yaşayan ermənilər özlərinə məxsus evləri və əmlakı təxribat məqsədilə özləri yandırmağa cəhd göstərərək bunun günahını azərbaycanlıların boynuna atmaq istəyiblər. İstintaq zamanı həmçinin baş vermiş kütləvi iğtişaşların olacağı barədə Sumqayıt şəhərində yaşayan ermənilənin bu hadisələrə qədər məlumatların olduğu da müəyyən edilib.
Böyük müstəntiqin sözlərinə görə, istintaqla həmçinin müəyyən edilib ki, kütləvi iğtişaş ərəfəsində Sumqayıt şəhərinin müxtəlif yerlərində, binaların üzərində videoçəkiliş aparılması üçün hazırlanmış xüsusi avadanlıqlar (videokameranının yerləşdirilməsi üçün ştativlər və s.) yerləşdirilib, iğtişaş zamanı erməni milliyyətli sakinlərə məxsus evlərin qarət edilməsi, qadının küçədə çılpaq vəziyyətdə hərəkəti prosesləri özünü erməni kimi təqdim edən şəxs tərəfindən sovet hərbçilərinin razılığı ilə videogörüntüyə alınıb. Bu faktlar da Sumqayıt şəhərində kütləvi iğtişaşın erməni millətçiləri və keçmiş SSRİ-nin onları dəstəkləyən rəhbər dairələrinin təxribatçıları tərəfindən əvvəlcədən hazırlanaraq həyata keçirildiyini və azərbaycanlıların vəhşi obrazını yaratmaq niyyətini daşıdığını bir daha təsdiq edir.
N.Mirzəvev qeyd edib ki, 1991-ci ilin avqust ayında Moskvada baş vermiş dövlət çevrilişinə cəhd faktına dair başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupunun üzvləri SSRİ daxili işlər naziri Boris Puqonun xidməti otağında axtarış apararkən rəflərdəki sənədlərin arasında məshəti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağ və digər hadisələrlə əlaqədar ayrı-ayrı qovluqların olması müəyyən edilib, onlar vərəqlənərkən Dağlıq Qarabağda fəaliyyət göstərmiş “Krunk” təşkilatı, onların üzvləri, Qarabağla bağlı hadisələr barədə SSRİ DİN-ə ilk günlərdən məlumatların daxil olduğu müəyyən edilib. Bu məlumatlar həm Ermənistan və Azərbaycan Daxili İşlər nazirliklərinin arayışlarından, həm də SSRİ DİN-in müvafiq idarələrinin məlumatlarından ibarət idi. Bəlli olub ki, baş verən bütün hadisələr barədə SSRİ rəhbərliyinin ilk günlərdən məlumatı olub, lakin məqsədli şəkildə hərəkətsizliyə yol verilib:
“Kütləvi iğtişaşlar zamanı hərbçilər və qeyrilərinin hərəkətləri nəticəsində D.Xudatov, D.Orucov, Y.Qasımov S. Əliyev və V.Babayevin həlak olmaları faktına görə başlanaraq istintaqı aparılıb icraatına Bakı Qarnizonu Hərbi Prokurorluğu tərəfindən 30.12.1988-ci il tarixdə xitam verilmiş cinayət işi də hazırkı 60206 №-li işə birləşdirilməklə istintaqı davam etdirilib və müəyyən edilib ki, ekstremist ideyalar daşıyıcısı olmuş Bakı şəhər sakini, milliyyətcə erməni olan Valeri Markaryan əsgərləri Sumqayıt şəhərinə gətirib və şəraitdən istifadə edərək yüksək təhlükə mənbəyi olan avtobusu küçədə dayanmış dinc sakinlərin üstünə sürərək 5 nəfər azərbaycanlını qəsdən öldürüb. V.Markaryanın Sumqayıt şəhərində fəaliyyət göətərmiş ekstremist millətçi ermənilərlə əlaqələri müəyyən edilib.
İstintaqla həmçinin müəyyən edilib ki, Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaş zamanı çoxsaylı erməni ailələrinin üzvləri onların azərbaycanlı qonşuları və tanışları tərəfindən öz mənzillərində gizlədilməklə basqın, talan və digər zorakılıq təhlükəsindən xilas olublar: “Həmin dövrdə Ermənistanın Daşnak-kommunist dairələrinin “vəhşi, qaniçən azərbaycanlı” obrazını yaratmağa hesablanmış təbliğat cəhdlərinin əksinə olaraq, Sumqayıt şəhərində məhz ermənilərin zorakılığına məruz qalan ermənilər öz azərbaycanlı qonşuları tərəfindən xilas edilib. Bu faktlar cinayət işinin materialları ilə yanaşı məhkəmələrin, o cümlədən RF məhkəmələrinin xüsusi qərardadlarında öz əksini tapıb".