...

Tahir Kərimli: Xalq öz seçimini edəcək

Siyasət Materials 20 Mart 2018 15:26 (UTC +04:00)
Prezident seçkiləri ilə bağlı proseslər Azərbaycan qanunlarına tam uyğun və şəffaf həyata keçirilir.
Tahir Kərimli: Xalq öz seçimini edəcək

Bakı. Samir Əli - Trend:

Prezident seçkiləri ilə bağlı proseslər Azərbaycan qanunlarına tam uyğun və şəffaf həyata keçirilir.

Bunu Trend-ə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Partiya sədri deyib ki, Azərbaycanda bəzi qüvvələrin seçkiləri boykot etmək barədə çağırışları tam əsassızdır:

"Azərbaycanda seçki prosesləri ilə bağlı zaman-zaman qanunvericiliyə - Seçki Məcəlləsi və Konstitusiyaya dəyişikliklər edilib, seçki təbliğatının müddəti müəyyən edilib. Müxalifətin mitinq keçirməsi normaldır və onlara bunun üçün şərait də yaradılıb. Bakı Şəhər İcra Hakimiyyəti sonuncu mitinqə də icazə verdi və aidiyyəti qurumlar mitinq təşkilatçılarına xəbərdarlıq etmişdilər ki, mitinqdə göstərilən şüardan kənara çıxılmasın. Buna baxmayaraq, mitinq iştirakçılarından mitinqdə və mitinqdən sonra seçki əleyhinə şüarlar eşitdik. Seçkidə iştirak edib-etməmək hər bir vətəndaşın öz işidir. Amma məsələ ondadır ki, müxalifət seçkiləri boykot etməkdə əsas səbəb kimi prezident seçkilərinin vaxtının dəyişdirilməsini göstərir. Birincisi, müxalifət bilməli idi ki, Azərbaycan Prezidentinin qanunla belə bir səlahiyyəti var və hər an bu hüquqdan istifadə edə bilər. Əgər müxalifət 4 ildən çox müddətdə seçkiyə hazırlaşmayıbsa, 6 aya neçə hazırlaşacaqdı? Demək, müxalifət istəyir ki, keçənilki kimi "Milyarderlər ittifaqı"na oxşar təşkilat yaradılsın, Rüstəm İbrahimbəyov kimi bir nəfər ortaya atılsın və sair. Amma tarix təkrar olunmur. Xalq artıq Milli Şuranın əlaqələrini də gördü və seçimini etdi".

T. Kərimli qeyd edib ki, əslində Azərbaycanda müxalifətin seçkiləri boykot etməsinə səbəb yoxdur:

"Milli Şuranın tərkibində birləşib mitinq keçirən Müsavat və Xalq Cəbhəsi partiyası bir-birlərinə o qədər nifrət edirlər ki, heç iqtidara qarşı belə münasibət göstərmirlər. Bu birlik də heç bir nəticə verməyəcək. Onların bütün səyləri də fiaskoya uğrayır. ATƏT, AŞ PA da bu prosesləri izləyir və seçki prosesində problem görmür. Əgər müxalifət iqtidara rəqib idisə, seçkilərə hazır olmalı idi. Onların boykot barədə bəyanatı müxalifətin zəifliyindən başqa heç nə deyil. Onlar hələ bir qədər də zəifləyəcəklər. Seçkidən sonra yenə qış yuxusuna gedəcəklər, insanların bir qismi yenidən bunlardan imtina edəcək".

Partiya sədri qeyd edib ki, Azərbaycanda prezident seçkilərinin tam şəffaf keçiriləcəyinə əmindir:

"Düşünürəm ki, qanun pozuntusu olmayacaq. Əslində qanun pozuntusu etməyə ehtiyac da yoxdur. Xalq öz seçimini edəcək. Xalqın seçkilərdə iştirak edib-etməməyini özü müəyyən edir, müxalifətin mitinqi yox".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti