...

Şanxay Əməkdaşlıq Təşkilatı: Azərbaycan xalqı öz gələcəyini müəyyənləşdirib və bu gələcək parlaqdır

Siyasət Materials 12 Aprel 2018 09:56 (UTC +04:00)
Azərbaycan xalqı öz gələcəyini müəyyənləşdirib və bu gələcək parlaqdır.
Şanxay Əməkdaşlıq Təşkilatı: Azərbaycan xalqı öz gələcəyini müəyyənləşdirib və bu gələcək parlaqdır

Bakı . İlhamə İsabalayeva - Trend:

"Azərbaycanda seçkilər yüksək rəqabət şəraitində demokratik, şəffaf keçirilib. Azərbaycan xalqı öz gələcəyini müəyyənləşdirib və bu gələcək parlaqdır".

Trend-in məlumatına görə, bunu Şanxay Əməkdaşlıq Təşkilatının missiya üzvü Rəşid Alimov Kutbidinoviç prezident seçkilərinin nəticələrinə həsr olunan brifinqdə deyib.

O, Azərbaycana seçki prosesini izləmək üçün Xarici İşlər nazirliyinin dəvəti ilə aprelin 5-də gəldiklərini söyləyib.

R.A.Kutbidinoviç qeyd edib ki, 16 təcrübəli missiya üzvü Bakı, Gəncə, Sumqayıt şəhəri və Abşeron rayonunda müşahidələr aparıb. Missiya müşahidələrin nəticələrini bu gün MSK-ya təqdim edəcək, daha sonra isə təşkilatın saytında yerləşdiriləcək:

"Azərbaycanda seçkinin keçirilməsi üçün bütün lazimi şərait yaradılıb, seçkidə əlillərin də iştirakı təmin edilib, məntəqələrdə videomüşahidələr aparılıb. Bu da istənilən vətəndaşa imkan verirdi ki, seçkini izləsin".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti