Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonkanı diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş uğurlar və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparıblar.
V.Pivonka diplomatik fəaliyyəti ərzində ikitərəfli münasibətlərin daha da irəlilədilməsi məqsədilə səylərini əsirgəmədiyini bildirib və bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
E.Məmmədyarov fəaliyyəti müddətində V.Pivonkanın dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür edib və gələcək fəaliyətində uğurlar arzulayıb.