Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə xalqın etimadını qazanaraq seçildiyi vaxtdan ölkəmizin inkişafı istiqamətində uğurlu islahatların həyata keçirilməsinə başladı.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, həmin dövrdən etibarən ölkəmizin infrastruktur layihələri, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları və digər mühüm layihələr icra olunmağa başladı:
“Mən, xüsusilə də kənd təsərrüfatının inkişafını vurğulamaq istərdim. Bu gün cənab Prezident kənd təsərrüfatının inkişafına xüsusi diqqət verir. Azərbaycanda müstəqillik illərində ən böyük layihələrdən biri suvarma sisteminin yenidən qurulması və kənd təsərrüfatı torpaqlarının yenidən dövriyyəyə qaytarılması oldu. Şəmkirçay su anbarının, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, kənd təsərrüfatının aqro-texniki inkişafı, yeni texnologiyaların tətbiqi, ixracın artırılması və digər tədbirlər ölkəmizin inkişafının əyani sübutudur. Ələt Azad İqtisadi Zonasının (AİZ) yaradılması Azərbaycan iqtisadiyyatının davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, ölkənin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması baxımından çox böyük əhəmiyyət kəsb edir".
Millət vəkilinin sözlərinə görə, görülən bu işlərin ümumi nəticəsi odur ki, Dünya Bankının sonuncu “Doing Business” hesabatına görə, Azərbaycan 32 pillə irəliləyərək dünyada 25-ci yerdə qərarlaşıb: "Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur. Bu, adi məsələ deyil. Bu statistikanı Dünya Bankı müəyyən edir. Azərbaycan bu mövqeyə çatmaq üçün böyük islahatlar həyata keçirib, xeyli sayda dövlət proqramları icra olunub".
İ.Məmmədov qeyd edib ki, Azərbaycan, eyni zamanda mühüm beynəlxalq layihələr həyata keçirir: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması bunun ən gözəl nümunələrindən biridir. Dəmir yolunun uğurlu fəaliyyəti Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq, ölkəmizə yeni investisiyaların cəlb olunması, iqtisadi inkişafa şərait yaradacaq".
Deputat əlavə edib ki, Azərbaycanın inkişaf konsepsiyası bir model olaraq dünyaya tətbiq oluna biləcək səviyyədədir: "Bu gün Azərbaycanın yalnız bir inkişaf yolu var və o da möhtərəm Prezidentin müəyyən etdiyi siyasətdir. Ona görə də Azərbaycanın uğurlu gələcəyi var. Biz hər birimiz Prezident ətrafında sıx birləşərək Azərbaycanı qorumalıyıq, heç kimin ölkəmizə əl uzatmasına imkan verməməliyik”.