...

Əli Əhmədov: Sığortanın ölkə üzrə tətbiqindən sonra həkimlər daha yaxşı əməkhaqqı alacaq, onlara qarşı tələbkarlıq artacaq (MÜSAHİBƏ)

Siyasət Materials 31 May 2019 08:00 (UTC +04:00)
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun icbari tibbi sığorta ilə bağlı Trend-ə müsahibəsi
Əli Əhmədov: Sığortanın ölkə üzrə tətbiqindən sonra həkimlər daha yaxşı əməkhaqqı alacaq, onlara qarşı tələbkarlıq artacaq (MÜSAHİBƏ)

Bakı. Elçin Mehdiyev - Trend:

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun icbari tibbi sığorta ilə bağlı Trend-ə müsahibəsi

- Əli müəllim, artıq 2020-ci ildən Azərbaycanın bütün rayon və şəhərlərində ictimai tibbi sığortanın tətbiqi nəzərdə tutulur. Hazırda bu istiqamətdə proses hansı mərhələdədir?

- İcbari tibbi sığorta ilə bağlı Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən pilot layihələrdən əldə olunan nəticələr ümudvericidir. Bir tərəfdən, insanların icbari tibbi sığortanın tətbiqi təcrübəsindən məmnunluq səviyyəsi yüksəkdir. Bu, bizim inamımızı artıran birinci məqamdır. İkinci tərəfdən, icbari tibbi sığorta ilə məşğul olan mütəxəssislərin özlərinin təcrübəsi formalaşıb. Artıq onlar da bu təcrübə əsasında bütün ölkə miqyasında icbari tibbi sığortanın tətbiq olunmasını daha inamla həyata keçirə biləcəklər.

2020-ci ilin yanvar ayından etibarən bütün ölkə miqyasında icbari tibbi sığorta tətbiq olunacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı var, müvafiq təşkilati tədbirlər görülür. Güman edirəm ki, bu, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ən böyük sosial layihələrdən biri olacaq. Burada çoxlu sayda insanlarımız müalicə üçün xərclərdən azad olacaqlar. Təqaüdçülər, uşaqlar, əmək qabiliyyətini itirənlər və başqaları bu qəbildəndir. Bu kateqoriyalı insanların müalicəsi ilə əlaqədar bütün sığorta xərcləri dövlət tərəfindən ödəniləcək. Digər kateqoriya, yəni işləyən insanların isə əməkhaqqından və onları işə götürən müəssisə tərəfindən müəyyən faiz ödəniləcək və sığorta hesabına müalicə alacaqlar.

İcbari tibbi sığortanın tətbiqi əhalinin sosial vəziyyətinin yaxşılaşmasına kömək edəcək. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi isə insanlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi təmin olunacaq. Ölkə üzrə həkimlər daha yaxşı əməkhaqqı ala biləcək və insanların həkimlərə qarşı tələbkarlığı da artmış olacaq. Çünki indiki halda belə təəssürat yaranır ki, onlar sanki heç bir əvəzi olmadan müalicə olunurlar. Amma sığorta sistemində hər bir həkim müalicə etdiyi insana görə əməkhaqqı alacaq. Daha çox insana xidmət göstərən həkim yüksək əməkhaqqı alacaq, bu və ya digər səbəblərdən az xəstə qəbul edənlər isə aşağı əməkhaqqı almaq məcburiyyətində qalacaqlar. Həkimlər də daha keyfiyyətli xidmət göstərməyə çalışacaqlar ki, insanlar məhz onların qəbuluna gəlsinlər. Beləliklə, səhiyyənin keyfiyyəti yüksələcək.

- İşsiz kimi qeydiyyata alınan insanların sığorta haqları kim tərəfindən ödəniləcək?

- İşləyən və ya sahibkarlıqla məşğul olan insanlar özlərinin sığorta haqlarını təbii ki, ödəyəcəklər. İşsiz kimi qeydə alınan insanların sığorta haqları isə dövlət tərəfindən ödəniləcək. Onlar müvafiq yardım alacaq. Yəni tibbi xidmətdən kənarda qalan insan olmayacaq. Bu, bütün dünyada tətbiq olunan formada Azərbaycanda da reallaşacaq.

- Əməkhaqqından nə qədər faiz tutulacağı bəllidir?

- Bu məsələ dəqiqləşdirilir. Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı olacaq. Elə də yüksək rəqəm deyil və vətəndaşlar, eyni zamanda işə götürənlər üçün böyük yükə çevrilməyəcək. Bu gün Azərbaycanda dünyanın digər ölkələrində olduğu qədər sığorta haqqı tutulmasından söhbət gedə bilməz. Təbii ki gələcəkdə Azərbaycan vətəndaşlarının əməkhaqları yuxarı olduqca, tutulan sığorta haqları da arta bilər. Biz çalışmalıyıq ki, Azərbaycanda tibbi xidmət səviyyəsi yüksək olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti