Bakı. Trend:
Fransalı tennisçi Kenten Folyo razılaşdırılmış oyunlar təşkil etdiyinə görə 20 illik diskvalifikasiya olunub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Tennisdə Dürüstlüyün Təminatı Agentliyinin (ITIA) mətbuat xidməti məlumat yayıb.
İdmançı həmçinin, 70 min dollar məbləğində cərimələnib və ümumi məbləği 44 min dollar olan korrupsiya bulaşmış vəsaitləri geri qaytarmağa məcbur edilib. Fransız tennisçinin fəaliyyətində ümumilikdə 27 pozuntu qeydə alınıb.
Folyo 2022–2024-cü illər ərzində baş tutan 11 oyunla bağlı irəli sürülən 30 ittihamı rədd edib. Həmin oyunların səkkizində o özü iştirak edib. İttihamlar oyun nəticələrinin manipulyasiyası, mərc məqsədi ilə qəsdən zəif oyun göstərmək üçün pul almaq, digər tennisçilərə razılaşdırılmış oyunlar üçün pul təklif etmək, insayder məlumatları ötürmək, korrupsiya məqsədilə sövdələşmə, ITIA-nın araşdırması ilə əməkdaşlıqdan imtina və sübutların məhv edilməsi kimi halları əhatə edib.
