Bakı. Trend:
Azərbaycan və Malayziya mərkəzi bankları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədr müavini Gülər Paşayevanın rəhbərlik
etdiyi nümayəndə heyəti Malayziyada işgüzar səfərdə olub.
Səfər çərçivəsində Gülər Paşayeva ilə Malayziya Mərkəzi Bankının
sədr müavini Adnan Zaylani arasında görüş keçirilib. Görüşdə
əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər
məsələlər müzakirə olunub.
Mərkəzi Bankın nümayəndə heyəti həmçinin Malayziya Mərkəzi Bankı
tərəfindən təşkil olunan “Risk dialoqu” tədbirində iştirak
edib.
Tədbirdə Risklərin idarə edilməsi departamentinin direktoru
Məhəmməd Məhərrəmlinin “Mərkəzi bankların risklərin idarə edilməsi
təcrübələri və risk yetkinliyi” mövzusunda təqdimatla çıxışı baş
tutub. O, mərkəzi banklarda risk idarəçiliyinin inkişaf dinamikası
və qabaqcıl təcrübələr barədə danışıb.
