Bakı. Trend:
ABŞ və İsrail Yaxın Şərq regionundakı hədəflərinə nail olmaq məqsədilə İrana maksimum təzyiq göstərməyə davam edəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəliyinin missiya rəhbəri Mayk Uoltsun İsrail Prezidenti İsaak Hersoqla keçirdiyi görüşün yekunlarına dair yaydığı bəyanatda deyilir.
“Onlar İrana maksimum təzyiq göstərməyə davam etməyin zəruriliyini müzakirə ediblər... Həmçinin, daimi nümayəndə Uolts və prezident Hersoq HƏMAS-ın silahsızlaşdırılmasının və gələcəkdə Qəzza sektorunda iştirakdan kənarlaşdırılmasının təmin olunması üçün prezident Trampın Qəzzada müharibənin dayandırılması üçün hazırlanmış kompleks planının mümkün qədər tez icra olunmasının vacibliyi barədə razılığa gəldilər”,–deyə məlumatda vurğulanır.
Bundan əlavə, Hersoq və Uolts BMT-də "antisemitizm və İsrailə qarşı qərəzli mövqe ilə mübarizə" üzrə birgə fəaliyyət göstərmək barədə razılığa gəldilər.
