Bakı. Trend:
11 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Trend xəbər verir ki, bu
barədə XİN məlumat yayıb.
Nazirlər arasında təkbətək görüşdən sonra hər iki tərəfdən
nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan-Macarıstan Strateji
Dialoqunun üçüncü iclası keçirilib.
İclas zamanı iki ölkə arasında mövcud əməkdaşlığın vəziyyəti,
həyata keçirilən birgə layihələr, habelə ikitərəfli və çoxtərəfli
formatlarda gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə
olunub.
Azərbaycan-Macarıstan münasibətlərinin dostluq, əməkdaşlıq və
genişləndirilmiş strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyi,
dövlət və hökumət başçıları səviyyəsində müntəzəm təmasların,
yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı siyasi dialoqun
münasibətlərin dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.
Son 30 il ərzində ikitərəfli ticarət və investisiyalar
istiqamətləri üzrə əməkdaşlığın inkişaf dinamikası nəzərdən
keçirilib. İqtisadi tərəfdaşlığın mövcud potensiala tam cavab
verməsi üçün birgə səylərin artırılmalı olduğu bildirilib, bu
çərçivədə Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə
Komissiyasının iclaslarının əhəmiyyəti diqqətə çatdırılıb. Ənənəvi
və bərpa olunan enerji, istehsal, əczaçılıq, ətraf mühitin
qorunması, rəqəmsallaşma işləri, nəqliyyat və logistika sahələrində
yeni tərəfdaşlıq imkanları müzakirə edilib. Macarıstanın
Azərbaycanın enerji sektoruna investisiyaları və rolu məmnunluqla
qeyd olunub.
Humanitar sahədə əməkdaşlıqdan məmnunluq ifadə olunub, azərbaycanlı
və macar tələbələr üçün nəzərdə tutulan təqaüd proqramları yüksək
qiymətləndirilib, iki ölkənin aparıcı universitetləri arasında
əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı olaraq dil
və mədəniyyət mərkəzlərinin yaradılmasının əhəmiyyəti
vurğulanıb.
Beynəlxalq əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə
fikir mübadiləsi aparılıb. BMT, bir sıra Avropa institutları və
Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Macarıstan
arasında mövcud sıx və konstruktiv əməkdaşlıq məmnunluqla qeyd
edilib. Macarıstanın Türk Dövlətləri Təşkilatının və bütövlükdə
türk dünyasının gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb.
Beynəlxalq təşkilatlar çərçivəsində və iki ölkənin namizədliklərinə
qarşılıqlı dəstəyə görə təşəkkür ifadə olunub.
Nazir Ceyhun Bayramov Ermənistanla sülh və dövlətlərarası
münasibətlərin qurulması istiqamətində atılan son addımlar barədə
həmkarını məlumatlandırıb. Cari ilin avqustunda tarixi Vaşinqton
Zirvəsində əldə olunmuş razılaşmaların sülhə aparan yolda mühüm
mərhələ olduğu bildirilib.
Eyni zamanda, yekun sülh sazişinin imzalanması üçün Ermənistanın
konstitusiya səviyyəsində Azərbaycana qarşı ərazi iddialarının
ləğvinin vacibliyi vurğulanıb.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan
genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə danışılıb.
Macarıstan tərəfinin Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpası
və digər layihələrdə iştirakı yüksək qiymətləndirilib.
Mina təhlükəsinin bərpa proseslərinə və keçmiş məcburi köçkünlərin
təhlükəsiz qayıdışına ciddi maneə yaratdığı diqqətə çatdırılıb.
Daha sonra nazirlər Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Macarıstanın Enerji Nazirliyi arasında Ətraf
mühitin qorunması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu
sənədini və Azərbaycan-Macarıstan Strateji Dialoqunun 3-cü
iclasının protokolunu imzalayıblar.
Sonda keçirilmiş birgə mətbuat konfransı zamanı nazirlər iclasın
nəticələri barədə bəyanatlarla çıxış edib, media nümayəndələrinin
suallarını cavablandırıblar.
