Bakı.Trend:
Ölkənin biotəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin icrasında dövlətlə bir yerdə sahibkarlar da yaxından iştirak edirlər.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub. Hazırda bazarda son tamamlama işləri görülməkdədir. Yaxın günlərdə Bərdə heyvan bazarının fəaliyyətinə icazə veriləcək.
Qeyd edək ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi
tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış
platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub.
Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün
su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və
digər tələblərə uyğun şərait yaradılıb.
Hazırda bir neçə heyvan bazarında da AQTA-nın Kollegiyasının 50
nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair
baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq
rekonstruksiya işləri son mərhələdədir. Yaxın günlərdə
rekonstruksiya işlərini yekunlaşdıran digər heyvan bazarlarının da
yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq.
Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan
heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların
qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən
işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin
təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.
