Bakı. Trend:
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantına əsasən, Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq İctimai Birliyi tərəfindən İrəvan Qala Şəhərinin etnoqrafik xəritəsi və “irevan-etnomap.com” saytı hazırlanıb.
Trend xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində hər iki layihənin təqdimatı keçirilib.
Bu layihə çərçivəsində İrəvan qala-şəhərinin çoxəsrlik etnik mənzərəsini əks etdirən vizual materiallar, eləcə də qala daxilində mövcud olmuş dini və ictimai obyektlər haqqında məlumatlar toplanıb.
İlk dəfə hazırlanmış bu xəritə elmi-etnoqrafik yanaşma əsasında, vizual və yazılı arxiv mənbələrinin qarşılaşdırılması yolu ilə tərtib edilib.
Xəritənin hazırlanması üçün toplanmış materiallar İrəvan qalasının 1509-cu ildə əsası qoyulmasından başlayaraq 1827-ci ildə qala-şəhərin Rusiya imperiyası tərəfindən işğalınadək olan dövrü əhatə edir.
Layihənin məqsədi İrəvan qala-şəhərinin etnik mənzərəsini və memarlıq infrastrukturunu elmi mənbələr əsasında vizual şəkildə bərpa etməkdən ibarətdir. Bu məqsədlə qala daxilində müxtəlif dövrlərdə mövcud olmuş memarlıq obyektləri haqqında maksimum məlumat toplanıb. Çünki hər bir şəhər mühitində müəyyən dini icmaya İrəvan nümunəsində müsəlman və ya qeyri-müsəlman icmasına məxsus abidələrin sayı və mövcudluğu həmin məkanda hansı icmanın üstün mövqedə olduğunu göstərən əsas göstəricidir.
Toponimlərin dəqiqləşdirilməsi ilə yanaşı, ayrı-ayrı memarlıq nümunələrinin adları vizual görüntülərlə uyğunlaşdırılıb, onların geolokasiya koordinatları müəyyən edilərək xəritə üzərində sistemləşdirilib.
Tədqiqat zamanı I Şah İsmayılın fərmanları, Səfəvi–Osmanlı müharibələri ilə bağlı mənbələr, Şərq, Avropa və Rusiya səyyahlarının qeydləri və abidələrin təsvirləri, həmçinin XVII–XIX əsrlərə aid qravür şəhər panoramları, eləcə də topoqrafik xəritələr geniş şəkildə təhlil edilib.
Hazırlanmış yeni xəritə İrəvanın tarixi-etnik irsinin vizual və obyektiv şəkildə bərpasına imkan yaradır. Layihənin nəticələri elmi tədqiqatlar və geniş ictimaiyyətin maarifləndirməsi məqsədi ilə istifadə oluna biləcək orijinal mənbə funksiyasını daşıyır.
