Xocalı. Trend:
Xocalı rayonunun Şuşakənd, Badara və Ballıca kəndlərinə qayıdan sakinlərə evlərinin açarları təqdim edilib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Açarları təqdim edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, Ballıca və Badara kəndlərində rahat yaşayış üçün hərtərəfli şəraitin yaradıldığını deyib. Onun sözlərinə görə, yaşayış məntəqələrində müasir standartlara uyğun evlər, məktəblər, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.
Qeyd edək ki, bununla da ümumilikdə Şuşakəndə 93 ailədən ibarət 341 nəfər, Ballıca kəndinə 237 ailədən ibarət 1054 nəfər, Badara kəndinə isə 43 ailədən ibarət 154 nəfərin daimi qayıdışı təmin edilib.
13:50
xxx
Xocalı rayonunun Şuşakənd, Badara və Ballıca kəndlərinə yola salınan köç karvanı mənzil başına çatıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, köç karvanı Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Daha sonra doğma yurda köçən ailələrə mənzillərin açarları təqdim ediləcək.
13:25
xxx
Ağdam.Trend:
Xocalı rayonunun Şuşakənd, Badara və Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, bu mərhələdə Xocalının Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə 9 ailə - 38 nəfər, Şuşakənd kəndinə isə 14 ailə - 51 nəfər köçürülür. Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.
Xəbər yenilənəcək
